Gündəm
Gündəm / Cəmiyyət
Rüfət Quliyev: "İnsanları zibil atmamağa məcbur edirsiniz, amma zibil qabları, xüsusi ayrılmış yerlər yoxdur"
MUMtv.az: - Məlum olduğu kimi, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə ediləcək. Dəyişikliyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə də cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır. Qanuna dəyişiklik edilir, lakin bunun mexanizmi necə işləyir? Cərimələr artırılsa da, hələ də ətrafa zibil atanlar, dayanacaqlarda siqaret çəkənlər öz ampulalarındadırlar.
Milli Məclisin 4 çağırış deputatı olmuş, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev isə Pravda.az-a açıqlamasında deyib ki, qanun yeni qəbul edilib, müəyyən qədər mexanizmi də təkmilləşəcək, nəzarət də artacaq: “Bu, "Quran" ayəsi deyil ki, bütün müsəlmanlar üçün eyni olsun. Qanundur. Sadəcə, müəyyən vaxt lazımdır. Əsas budur, insan şüurunda həkk olunub qalsın ki, zibili maşından, yaxud dayandığın yerdə zibil atmaq olmaz. Siqaret çəkmək yerləri ilə siqaretin kötüyünü atma ayrı-ayrı qanunlardır. Təxminən, 4-5 il əvvəl siqaret çəkməklə əlaqədar qanun qəbul etmişik. Hələ pandemiyaqabağı qəbul olunmuşdu. Bu, başqadır. Yəni siqareti zibil kimi atmaqdan söhbət getmir. Bu, ekologiya üçün pisdir, şəhərin görkəminə də xələl gətirir. Qanunun işləməsi üçün vaxt lazımdır. Düşünürəm, 3-6 ayın içində insanlarda artıq vərdiş yaranacaq. Diqqətli olmalıdırlar. Hər yerdə qanunla zibil qabları qoyulmalıdır. Siz insanları zibil atmamağa məcbur edirsiniz, amma zibil qabları, xüsusi ayrılmış yerlər yoxdur. Belə halda şəhərin aidiyyəti strukturları cərimə olunmalıdır. Bunu da nəzərə almaq lazımdır. Özüm siqaret çəkirəm. Dəfələrlə olub, 200-300 metr gedirəm, görürəm ki, bir dənə də zibil qabı yoxdur. Məcbur olmuşam bu yoldan o yola keçib, yüz metr də o tərəfə gedib, zibil qabı tapıb ora atmışam. Bütün restoranlar, kafe və dükanların ətraflarında zibil qabları olmalıdır. Bəs insanlar zibili hara atsınlar? Əlbəttə ki, yerə atacaqlar, yaxud maşına qoyub, maşından da küçəyə atacaqlar. Məmurlar da məsuliyyət daşıyırlar. İnfrastruktur yaratmalıdırlar”.