Gündəm

“Qarabağla bağlı Azərbaycanın işi hələ bitməyib” - Aleksey Naumov
 
 
 
 
 
 
 
 
"İkinci Qarabağ müharibəsi yavaş-yavaş dünya KİV-nin gündəmindən düşməkdədir. Azərbaycan beynəlxalq hüquqla özünə məxsus olan demək olar ki, bütün torpaqları qaytarıb, Rusiya sülhməramlıları münaqişə tərəfləri arasında mövqe tutub, Ağdam rayonunda isə vəziyyətə nəzarət edəcək Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Lakin Azərbaycanın işi hələ bitməyib”.

KONKRET.az xəbər verir ki, bu sözləri "KOMMERSANT”-ın şərhçisi Aleksey Naumov özünün geniş həcmli yazısında bildirib.

O xüsusi olaraq vurğulayıb ki, "Azərbaycanın əsas işi hələ yeni başayır – ölkə hökuməti və qələbəyə sevinən cəmiyyət torpaqların reinteqrasiyası üçün böyük işlər görməlidir”.

Siyasi şərhçi daha sonra qeyd edib ki, Azərbaycanın Qarabağ zəfəri ilə iş bitmir:

– "Qarabağ Azərbaycandır!”. Yəqin ki, bu günlərdə Azərbaycanda bundan məşhur ifadə yoxdur. Heydər Əliyev Hava Limanındakı nəhəng ekranlardan tutmuş, şəhərin küçələrindəki bilbordlara və avtobusların marşrut lövhələrinə qədər hər yerdə eyni şey yazılıb – "Qarabağ Azərbaycandır!”.

Hərçənd, Qarabağ nəinki hüquqi, həm də rəmzi mənada hər zaman Azərbaycan torpağı olub. Yerli mətbəələrin çap etdikləri xəritələr də, uzun illərdir yollara qoyulmuş, zaman-zaman səliqə ilə yenilənən, üzərində "Şuşa” və ya "Ağdam” yazılmış yol göstəriciləri də bundan xəbər verir.

Vəziyyət barədə xaricilərə də həmişə məlumat verilib. Məsələn, Bakıdakı bank terminallarının ekranlarında ingilis dilində torpaqların 20%-nin işğal olunduğu bildirilirdi. Bakının xarici siyasəti də əsasən Qarabağ probleminin həlli və "Dağlıq Qarabağ erməniləri”nin nəzarəti altında olan rayonların qaytarılmasına çağıran BMT-nin dörd qətnaməsi ətrafında qurulmuşdu.

Bakıda hər yerdə təkcə zəfərin deyil, həm də müharibənin izlərinə rast gəlmək olar. Böyük mağazaların vitrinlərində də, küçələrdəki kiçik şaurma çadırlarının pəncərələrində də hərbi geyimli insanların – Azərbaycan torpaqları uğrunda döyüşə yollanmış əsgərlərin fotolarını görmək mümkündür.

Bəzən yerli sakinlərlə yanaşı, sarışın və ağbəniz oğlanların da şəkillərinə rast gəlirsən. Məsələn "Kommersant”ın icmalçısı Azərbaycan İctimai Televiziyasının fəxri guşəsində Dmitriy Markovun fotosunu görüb. Burada etnik qrupların təmsilçilərinin yerli KİV-də ayrıca vurğulandığını deməzdik. Onların adlarının yanaşı çəkilməsi əslində, ölkənin bəyan etdiyi çoxmillətliliyi gözəl təsvir edir.

Bu yaxınlara aid hadisələrin daha bir göstəricisi küçə və eyvanlarda bayraqların çoxluğudur. Azərbaycan bayraqları artıq bir neçə ildir ki, hər yandan asılıb. Türkiyənin Qarabağ müharibəsində göstərdiyi qətiyyətli dəstəkdən sonra isə bu ölkənin bayraqları da kütləvi şəkildə asılmağa başlayıb. Hərdən onlara Pakistan bayrağı da qoşulur və ayparaların əks olunduğu üç böyük bayraq bir növ siyasi-təsviri triptix yaradır.

Söhbətləşdiyimiz Bakı sakinləri deyir ki, Qarabağda vəziyyətin Rusiyanın iştirakı ilə nizamlanmasından sonra postsovet tarixində ilk dəfə olaraq küçələrdə kütləvi şəkildə Rusiya bayraqları da görünüb. Lakin icmalçımız onları öz gözü ilə görə bilməyib.

Hərçənd, artıq müharibə keçmişdə qalıb: erməni tərəfinin "Dağlıq Qarabağın təhlükəsizlik qurşağı” adlandırdığı yeddi rayon Bakının nəzarətinə qaytarılıb. Quru rəqəmlərlə bu, 7,5 min kvadrat kilometr ərazi deməkdir. Vaxtilə bu yerlərdən 600 mindən çox insan qaçmağa və ölkənin digər bölgələrində məskunlaşmağa məcbur olub.

Qarabağ münaqişəsi sənəd və razılaşmalarda

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov "Kommersant”a bildirib ki, ölkə rəhbərliyi ərazilərin reinteqrasiyası məqsədilə genişmiqyaslı işlərə başlayıb – "Prezident Administrasiyası rəhbərinin başçılığı altında 17 işçi qrupdan ibarət böyük qərargah fəaiyyət göstərir”.

Cənab İmanov hesab edir ki, indi qarşıda çətin vəzifə durur: torpaqların böyük hissəsi minalanıb. Yolları minalardan kifayət qədər tez təmizləmək mümkün olsa da, bütün torpaqların, o cümlədən əkin sahələrinin təmizləməsinə uzun illər gedəcək. Müharibəyə qədər yerli əhalinin 60%-nin əkinçiliklə məşğul olduğunu nəzərə alsaq, bunun son dərəcə vacib olduğunu anlayarıq.

Azərbaycan rəhbərliyi torpaqların bərpası üçün məhz repatriasiyaya, yəni müharibəyə qədər orada yaşamış insanların və onların varislərinin geri qaytarılmasına üstünlük verir. "Biz o torpaqlara 1 milyon insanın qayıdacağını gözəyirik. Oralarda həm yaşayış məntəqələri böyüyəcək, həm iqtisadiyyatın müasir sahələri, o cümlədən informasiya texnologiyaları inkişaf etdiriləcək”, – deyə Nazim İmanov qeyd edib.

Maraqlıdır ki, cənab İmanov İkinci Qarabağ müharibəsindən xeyli əvvəl işğaldan azad edilmiş ərazilərin iqtisadi bərpası məsələsini tədqiq edən azsaylı ekspertlərdəndir. O, bu mövzuda kitab da yazıb. Azərbaycan Ordusunun qəfil zəfərindən sonra onun bu ekspetizasına görünməmiş tələbat yaranıb. İmanovun qiymətləndirməsinə görə, azad edilmiş torpaqların bərpası üçün 10 il ərzində 60 milyard dollar sərmayə lazımdır. Azərbaycan ÜDM-nin 48 miyard dollar təşkil etdiyini nəzərə alsaq, bu, fantastik məbləğ təsiri bağışlayır. "Mütləq deyil ki, bu dövlət vəsaiti olsun. Onu özəl şəxslər də, Türkiyə və Rusiya kimi Azərbaycana dost ölkələr də yatıra bilər”, – deyə iqtisadçı bildirir.

Qarşıda duran iqtisadi vəzifələri təhlil edən hökumət isə qiymətləndirmədə daha ehtiyatlıdır. "2021-ci ilin büdcəsində təsdiqlənmiş ilkin rəqəm 2,2 milyard manat və ya təxminən 1,5 milyard dollardır”, – deyə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov rusiyalı jurnalistlərə bildirib. Onun sözlərinə görə, ölkənin topladığı ehtiyatlar sosial xərclərə və ya digər vacib dövlət xərclərinə toxunmadan reinteqrasiya məsələsini səmərəli həll etməyə imkan verir.

Cənab Cabbarov qeyd edib ki, Azərbaycan hökuməti azad edilmiş ərazilərin inkişafına özəl sərmayələr də cəlb etmək niyyətindədir. Əsas diqqət dağ-mədən sənayesinə, kənd təsərrüfatı, turizm və yük daşımalarına yönəldiləcək. O, normal iqtisadi fəaliyyətin bərpasından bütün bölgə dövlətlərinin, o cümlədən Ermənistanın qazanacağını deyir.

Ümumiyyətlə, ortaq fayda və qarşılıqlı səmərə ideyası Bakıdakı həmsöhbətlərimizin dilindən tez-tez səslənirdi. Özü də bu, həm iqtisadiyyata, yəni bölgədə normal fəaliyyətin bərpasına, həm də siyasətə aid edilir. "Azərbaycan rəhbərliyinin həm müharibə zamanı, həm də üçtərəfli bəyanatın razılaşdırılması prosesindəki fəaliyyəti bir daha təsdiqlədi ki, birincisi, Bakı öz qərarlarını müstəqil şəkildə verir, ikincisi isə o, nə edəcəyi bəlli olan, məsuliyyətli tərəfdaşdır”, – deyə Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov "Kommersant”a bildirib. O vurğulayıb ki, Bakı həm beynəlxalq hüquqa, həm də regional tərəfdaşların maraqlarını nəzərə almaq prinsipinə sadiqdir.

"Prezident İlham Əliyevin etibarlı və ölçülüb-biçilmiş xarici siyasəti müharibənin nəticələrinə görə Azərbaycanı vacib geosiyasi mərkəzlərin – ilk növbədə Rusiya və Türkiyənin regional əməkdaşlıq mərkəzinə çevirməkdədir. Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin uğurlu fəaliyyətə başlaması da bunun göstəricisidir. Bu mərkəz təkcə Qarabağda uzunmüddətli sülhün vacib elementi deyil, həm də daha geniş geosiyasi kontekstdə etimad amilidir”, – deyə diplomat qeyd edib.

Həmsöhbətlərimiz vurğulayırlar ki, Bakı Rusiya və Türkiyə ilə üçtərəfli tərəfdaşlığı yüksək dəyərləndirir, çünki bu, Azərbaycana heç kimdən asılı vəziyyətə düşmədən, suverenliyini qurban vermədən bölgənin iki ən qüdrətli oyunçusu ilə uğurlu əməkdaşlıq imkanı yaradır. Bundan başqa, onlar qeyd edirlər ki, Moskva və Ankaranın "Azərbaycan siyasəti”ndə Suriya və Liviyadakı kimi rəqabət, qarşıdurma aspekti yoxdur.

Bu nümunəvi neytrallığı "Kommersant”ın icmalçısı öz gözləri ilə də görüb.

Qovrulmuş torpaq

Bakıdan Tərtərə maşınla təxminən dörd saatlıq yol var. Vaxtilə cəbhəyanı şəhər olmuş Tərtərin mərkəzi küçəsi gözəl və abaddır, lakin böyük binaların demək olar ki, hamısının zirzəmisində çarpayıların, taxta oturacaqların və elektrik məftillərindən sallanmış lampaların "bəzədiyi” bomba sığınacaqları var. Yerli administrasiyanın girişində müharibə vaxtı şəhərə atılmış raketlərin qalıqları toplanıb. "Nisbətən kiçik olanlar "Qrad”dır, bir az böyüklər "Smerç””, – deyə yerli sakinlər bildirir. Onlar bu sursatları bir-birindən ayırmağı müharibə vaxtı öyrəniblər.
Şəhər rəhbərliyi burada müharibə muzeyi yaratmağa hazıraşır və artıq bu məqsədlə ilk eksponat da gətirilib. Bu, partlamamış "Smerç” raketinin səliqəli şəkildə deşdiyi taxta masadır. Müharibənin bu əyani sübutunun gətirildiyi Tərtər rayonu atəşlərdən zərər çəkib. Qarabağdan olan qaçqınlar üçün tikilmiş binalarda pəncərə çərçivələri yerindən çıxıb, mənzillər dağılıb, divarlar qəlpələrdən dəlik-dəlik olub. Məktəblər də zərər çəkib. Mərmilər məktəb binalarının damlarını və sinif otaqlarını dağıdıb. Artıq yerli rəhbərlik təmir işlərinə başlayıb. Sakinlər ümid edirlər ki, artıq heç vaxt atəşə tutulmayacaqlar.

Onlar heyrətlənirlər: axı şəhərdə hərbi hədəf yox idi. Bütün ətraf yüksəkliklər erməni qüvvələrinin əlində idi və onlar haranı atəşə tutduqlarını yaxşı görürdülər. Elə isə dinc kəndlər nə üçün atəşə tutulurdu? Lakin bu suala cavab verəcək kimsə yoxdur. Burada azərbaycanlılarla ermənilər arasında barışığın tezliklə baş tutmasına daha az inanırsan…

Bir vaxtlar dağlıq və aran Qarabağın kəsişməsində yerləşən zəngin şəhər olan Ağdama yaxınlaşdıqca bu inam daha da ölür. Ora düşmək asan iş deyil. Rayonda hələ də mülki administrasiya bərpa olunmayıb və polis bizi hərbi əks-kəşfiyyatın qayğıkeş əməkdaşlarına təhvil verir. Bizim mikroavtobusumuz "Niva” markalı hərbi avtomobilin ardınca gedir – yolsuzluq avtomobili minaaxtaranların hələ yoxlamadığı ərazilərdən yayınmaq üçün dövrə vurur. Bizimlə birlikdə bir əsgər də var – əlində döyüş görmüş "AKS-74U” avtomatı tutub.

Bugünkü Ağdamın mənzərəsini nəyə istəsəniz bənzətmək olar: antiutopiya filmlərinin tərtibatına, "Curiosity” mars gəmisindən çəkilmiş fotolara, "Çuryumov-Gerasimenko” kometasının görüntüsünə, daş və palçıq yığınına. Bircə Qarabağın mirvarisinə və bütün SSRİ-də məşhur olmuş portveynin (şirin şərab) vətəninə bənzətmək olmur. Burada sağ qalmış yeganə bina Azərbaycan məscididir ki, ondan da şəhəri ələ keçirmiş ermənilər artilleriya zərbələrini yönəltmək üçün istifadə edirlərmiş. Hərdən dağıntıların arasından naxışlı divarların qalıqları görünür. Çörək Muzeyinin binasındakı kimi. Bir də Azərbaycan dilində hələ kiril əlifbası ilə yazılmış yazılar – onlardan birini çətinliklə də olsa, oxumaq mümkündür – "Konstitusiyası”. Görünür, 1978-ci il Sovet Konstitusiyasının üstünlüklərindən bəhs edilirmiş.

Nəzərə alsaq ki, Birinci Qarabağ müharibəsi zamanı bu şəhər o qədər də zərər çəkməyib, ikinci müharibə zamanı isə ermənilər onu döyüşsüz təhvil verib, dağıntıların miqyası adamı xüsusilə sarsıdır. Tikililər məhv edilib, ağaclar qırılıb, sahələrə od vurulub. Heç şübhəsiz, "DQR-in təhlükəsizlik qurşağı”nı insan yaşayışı üçün yararlı hala gətirməyə Bakının çox vaxtı gedəcək.

Hələlik ürəkaçan heç nəyin olmadığı bu mənzərədə yeganə sabitlik adacığı kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin ərazisi nəzərə çarpır. Azərbaycan hökumətinin tikdiyi bu konteyner şəhərciyi hər yerdə, hər şeydə iki bərabər hissəyə bölünüb. Bu, hər iki tərəfin bərabər, eyni hörmətə sahib olduğunu göstərmək üçündür. Əsas "işçi zona” ortaq olsa da, o da de-fakto iki hissəyə bölünüb: hər tərəfə ayrıca masa, səkkiz kompüter, pilotsuz uçuş aparatları ilə monitorinq aparmaq və mətbuatı izləmək üçün dörd ekran, bir məlumat lövhəsi və komandir kabineti ayrılıb. Rusiya komandanının otağında bayrağın yanında sıra ilə prezident, müdafiə naziri və baş qərargah rəisinin şəkilləri asılıb. Türk komutanının otağında isə dövlət bayrağı ilə yanaşı müasir türk dövlətinin banisi Mustafa Kamal Atatürkün yeganə, lakin böyük portreti var. Daha bir fərq rus komandirinin otağında, divarda xristian duasının mətni yazılmış yapışqanın olmasıdır. Türk otağında bunun müsəlman "analoqu” gözümüzə dəymədi.

İstirahət zonaları da bərabər bölünüb: "Kommersant”ın əməkdaşı yalnız rus otağını görə bilib. Orada iki əsgər şahmat, daha ikisi dama oynayır, üç əsgər azarkeşlərə xas olmayan daş kimi soyuq baxışlarla futbol izləyirdi. "Məişət şəraitimiz yaxşıdır. Ən əsası vəzifəmizi dəqiq yerinə yetiririk”, – deyə hərbçilərdən biri bildirir.

Son söz əvəzi

"Azərbaycan iri addımlarla irəliləyir”. SSRİ-nin birinci katibi Leonid Brejnevin bu məşhur ifadəsin bu günə şamil etmək yerinə düşər.

Qarabağ müharibəsində qələbə qazanmış və özünü bölgənin ən nüfuzlu dövləti kimi təsdiqləmiş Azərbaycan hazırda həm Rusiya, həm Türkiyə, həm də digər bölgə dövlətləri ilə bərabər məsafə saxlayan çox vacib tərəfdaş statusunu möhkəmləndirməklə, bir növ "Cənubi Qafqazın İsveçrəsi”nə çevrilməyə çalışır. Bu, ardıcıl taktikadır: Bakıda Rusiya və NATO komandanlarının görüşlərinin məhz Azərbaycan paytaxtında keçirildiyini xatırlatmağı xoşlayırlar. Hələlik bu taktika həm diplomatik, həm də real bəhrəsini verir – torpaqların qaytarılması şəklində”.

Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər