Gündəm
Gündəm / İqtisadiyyat / Cəmiyyət
Murad Xəlilov Su Ehtiyatları Agentliyinin “yox” dediyi MMC ilə müqavilə bağlayanda nələrə və niyə göz yumub? - İLGİNC FAKTLAR
MUMtv.az: - Siyəzən Suvarma Sistemləri İdarəsi torpaq məcralı Yenikənd (PK16+40/PK28+00) kanalının beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərinin satın alınması üzrə keçirdiyi açıq tenderdə “SVS-LTD” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib və 90.797,01 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumatı 14.06.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.
Bundan başqa Siyəzən Suvarma Sistemləri İdarəsi Torpaq məcralı Yenikənd (PK 32+14÷PK 48+54, L=1,64 km) kanalının beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərinin satın alınması üzrə “SVS-LTD” MMC ilə bir satınalma müqaviləsi bağladığını da 02.02.2024-cü ildə dərc edib. Bu müqavilənin qiyməti 194.824,62 manat təşkil edib.
Göründüyü kimi Siyəzən Suvarma Sistemləri İdarəsi dörd ay ərzində kanalının beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işləri üzrə “SVS-LTD” MMC ilə ümumi dəyəri 285 621 manat olan iki satınalma müqaviləsi bağlayıb. Amma gəlin görək bu MMC sözügedən işləri həyata keçirmək iqtidarındadırmı.
“”Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SVS-LTD” MMC (VÖEN 2900259021) Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində 18.01.1996-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 91 020.00 manat olan şirkətin hüquqi ünvanı SUMQAYIT ŞƏHƏRİ, CORAT, ev 579B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Məhərrəm Esaq oğludur.
Elektron mediada yayılan məlumatlarda da “SVS-LTD” MMC-nin adı bir çox şübhəli satınalmalarda hallanır. Sözügedən məlumatlarda MMC-nin müvafiq sahədə peşəkarlığında, ixtisas göstəricilərində, təcrübəsində, texniki və maliyyə imkanlarında, işçi qüvvəsində, idarəetmə səriştəsində bir sıra şübhəli məqamların olduğu bildirilir.
Bundan əlavə “SVS-LTD” MMC -nin uyğunluq göstəricilərinə tam cavab vermədiyi tərəfimizdən də aşkar edilmişdir ki, bu da Siyəzən Suvarma Sistemləri İdarəsinin satınalma proseduru zamanı qanunsuzluqlara yol verdiyini bir daha təsdiq edir. Bu elə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabeli “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” kimi bir ciddi dövlət qurumun keçirdiyi satınalma prosedurunda öz əksini tapıb.
Araşdırdıqda məlum oldu ki, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən 14.08.2024-ci ildə elan edilmiş Şamaxı rayonunun Böyük Xınıslı kəndinin su təchizatı üzrə satınalmanın nəticələrinə dair bu bidirişdə təchizatçı “SVS-LTD” MMC tərəfindən müqavilənin icrası zamanı istifadə olunacaq əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması meyarı üzrə sənədlərin tələblərə cavab vermədiyi müəyyən edilmişdir. Təchizatçı son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi meyarı üzrə arayış təqdim etməyib. Digər tərəfdən, təchizatçının satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarı üzrə şərtlər toplusunun tələblərinə uyğun oxşar analoji xüsusiyyətli işlərin görülməsi təcrübəsinin olmadığı aşkar edilmişdir. Bu səbəbdən “SVS-LTD” MMC müsabiqədən kənarlaşdırılmışdır.
Məlumat Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən dövlət satınalmalarının vahid internet portalına 23.09.2024-cü il tarixdə yerləşdirilib. Bu məlumat isə “SVS-LTD” MMC-nin əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, müvafiq sahədə peşəkarlığının və təcrübəsinin, işçi qüvvəsinin olmamasını bir daha təsdiq edir.
Belə olan halda suallar yaranar. Bu necə olur ki, Siyəzən Suvarma Sistemləri İdarəsinin tabe olduğu, Dövlət Su Ehtiyatları Agentliyinin “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” “SVS-LTD” MMC-nin uyğunluq göstəriciləri tələblərə cavab vermədiyinə görə müsabiqədən kənarlaşdırılır. Amma Siyəzən Suvarma Sistemləri İdarəsi bu tələbləri nəzərə almadan “SVS-LTD” MMC-ni qalib seçir.
Göründüyü kimi, Dövlət Su Ehtiyatları Agentliyinin “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” “SVS-LTD” MMC-ni su təchizatı üzrə satınalmadan kənarlaşdırıb. Siyəzən Suvarma Sistemləri İdarəsi isə MMC-ni daha qlobal, kanalların beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işləri üzrə satınalmanın qalibi seçib. Göründüyü kimi birinci satınalan təşkilat təchizatçının satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarı üzrə oxşar analoji xüsusiyyətli işlərin görülməsi təcrübəsinin olmadığı aşkar etmişdir. Amma Siyəzən Suvarma Sistemləri İdarəsi bu çatışmazlıqlara göz yumaraq MMC-ni qalib seçmişdir.
Göründüyü kimi Siyəzən Suvarma Sistemləri İdarəsinin Satınalma Komissiyası açıq tenderin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, “SVS-LTD” MMC-nin müvafiq sahədə peşəkarlığını, ixtisas göstəricilərini, təcrübəsini, işçi qüvvəsini, maliyyə imkanlarını və ödəmə qabiliyyətini, etibarlığını nəzərə almamışdır. Bu da keçirilmiş tender prosedurunda Siyəzən Suvarma Sistemləri İdarəsinin Satınalma Komissiyasının bir çox məsələrə göz yumduğunu deməyə əsas verir.
Qeyd edək ki, Siyəzən Suvarma Sistemləri İdarəsinin rəisi Murad Xəlilovdur. Onun bu vəzifədə nə vaxtan çalşıması haqqında konkret məlumat yoxdu. Siyəzən rayonunda 247 km uzunluğunda suvarma kanalları mövcuddur. Rayonda 12-min hektardan çox suvarılan ərazi mövcuddur. Rayonun əsas suvarma mənbəyi Samur-Abşeron kanalı, Taxtakörpü-Ceyranbatan kanalı, Gil-gilçay və Ataçay çaylarıdır. Son dövrlər rayonda 1685-ədəd hidrotexniki qurğu, 198-min 286 metr uzunluğunda qapalı supaylayıcı şəbəkə, üzərində 118 ədəd hidrotexniki qurğu olan 24 min 103 m uzunluğunda beton üzlüklü açıq suvarma kanalı və 2300 hektar ərazini əhatə edən 26-kilometr açıq, 121-kilometr isə qapalı drenaj şəbəkəsi çəkilib. Görsənən odur ki, bütün bu sadalanan işlərin hamısında da SVS-LTD” MMC ilə olduğu kimi axtakarlıq hallarına yol yerilib.//Aktualinfo.org