Əli Əlirzayev: "Kim hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, mütləq vergi ödəməlidir”
Pandemiya ilə əlaqədar bu il əksər ölkədə iqtisadi qurumlar, əsasən də vergi, gömrük və digər bu kimi qurumlar nəzərdə tutulan yığımları toplaya bilməyiblər. Elə ölkələr var ki, orada yarıbayarı azalma var. Məsələ ondadır ki, məlum səbəblərlə əlaqədar olaraq iqtisadiyyat zəiflədiyi üçün,avtomatik olaraq, bu, vergi və gömrük yığımlarında özünü göstərir.
Ancaq həmin ölkələrdən fərqli olaraq, Azərbaycanda sözügedən sahələrdə yığımlar azalmayıb. Bunu bu ilin birinci yarısına olan statistik rəqəmlər də təsdiq edir. Belə ki, daxilolmalar üzrə proqnoz göstəriciləri İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti 327 milyon manat və yaxud 8,9 faiz, Dövlət Gömrük Komitəsi 98 milyon manat və ya 5,1 faiz artıqlaması ilə icra edib. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti üzrə daxilolmalar 100 faiz, digər daxilolmalar üzrə proqnoz isə 15,2 milyon manat çox icra olunub.Bununla yanaşı, 2020-ci il 1 iyul tarixinə dövlət büdcəsində 292 milyon manat məbləğində və ya proqnozdan 233 milyon manat çox profisit yaranıb ki, hesabat dövründə büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələri, sosial proqram və layihələrin icrası tam həcmdə təmin edilib.
Bütün bunların fonunda, pandemiya şəraitində Azərbaycanda gömrük və vergi daxilolmalarının azalmaması nə ilə bağlıdır?
"Bunun başlıca səbəblərindən biri aparılan islahatlar çərçivəsində gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsidir”
Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayev bunu aparılan islahatlarla əlaqələndirdi: "Bunun başlıca səbəblərindən biri aparılan islahatlar çərçivəsində gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsidir. Prezidentin xüsusi qərarı var ki, gizli iqtisadiyyatı, rüşvətxorluğu aradan qaldırın. Yəni kim hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, mütləq vergi ödəməlidir. Əvvəllər vergi ödənişlərində yayınma səviyyəsi böyük idi, bir çoxu gəlirlərini gizlədirdi. İndi bu kimi hallar xeyli azalıb, maliyyə şəffaflığı yüksəlib. Hesabat aparılır və uçot düzgün təyin edilir. Yəni əvvəlki illərə baxanda gizli iqtisadiyyat xeyli azalıb. Ümumilikdə, vergidən yayınma halları xeyli aşağı düşüb. Əvvəl vergidən yayınma 30-40 faiz arasında dəyişirdi. İndi bu sahə şəffafdır və hamının vergi ödəməsi məcburidir. Bu səbəbdən böyük həcmdə artım olmasa da, azalma da yoxdur. O üzdən, vergi daxilolmalarında müşahidə olunan tendensiyalar yaxşıdır. Düzdür, pandemiya ilə əlaqədar əhalinin həyat səviyyəsində o qədər də böyük artım yoxdur, amma azalma da müşahidə edilmir. Faktiki olaraq, ölkədə istehsal var, kənd təsərrüfatı inkişaf edir, müəyyən qədər kreditlər verilir. Bənzər proseslər gömrük sahəsini də əhatə etdiyi üçün daxilolmalar azalmayıb”.
İqtisadçı-alimin fikrincə, indiki çətin dövrdə vergi və gömrük daxilolmalarının azalmaması müsbət haldır.