Cəmiyyət
Tovuzda şəhid olan Elşad Məmmədovun daha bir övladı dünyaya gələcək - FOTOLAR
Tovuz döyüşlərində şəhid olan Elşad Məmmədovun daha bir övladı olacaq.
Mumtv.az Metbuat.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran "Instagram" hesabında yazıb.
Hacı Nuran Tovuz döyüşlərində şəhid olan Elşad Məmmədovun ailəsini ziyarət edib və bu xoş xəbəri şəxsi hesabında paylaşıb:
"Təsadüfmü, zərurətmi, Tovuzun Ağdam kəndinə gəlib çıxdım. Bu kənddə iyul ayının 12-də Tovuz sərhədində şəhid olmuş Elşad Dönməz oğlu Məmmədovun (10.01.1996-12.07.2020) evində qonaq oldum...
Əslində bu şəhidin evinə baş çəkmək, onun ata-anası ilə görüşmək mənim borcum idi. Olduqca mehriban insandırlar Dönməz kişi ilə Nuriyə ana. Amma gözlərindəki qüssəni, kədəri görməmək üçün kor olmaq lazımdır... Biz çox şeydən danışdıq:
Elşadın uşaqlığından tutmuş toyuna qədər... Söhbət əsnasında onu da öyrəndim ki, tezliklə bu ürəyi dağlı ata ilə ananın daha bir nəvəsi olacaq. Onları övladlarının ölümü ilə sınağa çəkən Allah o dərdi azacıq da olsa ovutmaq üçün onlara ikinci nəvəni qismət edəcək.
Tezliklə şəhid Elşad Məmmədovun daha bir övladı doğulacaq. O övlad ki, atasının igidliyi, qorxmazlığı barədə həmişə nənə-babasından nağıllar eşidəcək. O övlad ki, həmişə fəxr edəcək şəhid Elşad Məmmədovun övladı olduğu üçün. Məncə, bir atanın övladı üçün qoyub gedəcəyi bundan böyük ad yoxdur. Ruhun şad olsun, igid şəhid”.