Gündəm
Gündəm / Cəmiyyət
Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov dəfn edildi
Avqusun 1-də Birinci Qarabağ müharibəsində itkin düşən və 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini şəhid hərbçi Məmmədov Surxay Rza oğlunun Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.
"MUMtv.az" xəbər verir ki, dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri və KİV mənsubları iştirak ediblər.
Şəhidin cənazə namazı ailəsinin yaşadığı evdə qılınıb, ruhuna dualar oxunub.
Sonra şəhidin nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb, məzarı üstünə gül dəstələri düzülüb.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını icra başçısı Orxan Abbasov şəhidin qardaşı Vüqar Məmmədova təqdim edib.
Qeyd edək ki, şəhid Məmmədov Surxay Rza oğlu 7 dekabr 1974-cü ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 8 fevral 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucalıb. İtkin düşmüş hesab olunan Surxay Məmmədovun nəşinin qalıqları İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhid qəbirlərindən aşkar edilib.