Ağstafa həbslərinin gerçək üzü: Ramiz Tatarovun 40 illik əmək fəaliyyəti, 20 illik rayon rəhbərliyi, mükafatlar-GÜNAHKAR KİMDİR?
 
 
 
 
 
 
 
 
 
 
Ağstafa həbslərinin gerçək üzü: Ramiz Tatarovun 40 illik əmək fəaliyyəti, 20 illik rayon rəhbərliyi, mükafatlar-GÜNAHKAR KİMDİR?Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən KİV istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, hər zaman belə olmur.

Bizim də bu qüsurdan xali olduğumuzu iddia etmədən Mediaxeberleri.Az olaraq bir məqamın üzərində dayanmaq istərdik.

Son günlər bir sıra sayt və portalların baş mövzularından biri Ağstafa rayon icra başçısı Nizaməddin Quliyevin həbsidir. Bu haqda yazılarda nədəncə Nizaməddin Quliyevdən daha çox icra başçısının müavini Ramiz Tatarovun adı hallandırılır. Əsas mövzu xətti isə Ağstafa rayon icra hakimiyyəti sistemindəki qanunsuzluqları və R.Tatarova yönəlik ittihamlardır. Bu şəxs daha nələrdə ittiham olunmur ki:

Rayonda milyonlar qazanmaqdan tutmuş, siyasi xəyanətə qədər ən sərt ittihamların ünvanı nədənsə məhz Ramiz Tatarovdur. Bütün bunlardan sonra bircə XX əsrin ən faili-məchul cinayəti olan ABŞ prezidenti Kennedinin qətlini bu adamın üstünə yıxmaq qalır. Media olaraq bunu da etsək həm bu qətllə maraqlanan insanlar, həm də ABŞ FTB-i üçün savab iş görmüş olarıq. Əslində isə, gerçəklik necədir?

Ramiz Tatarovun şəffaf və tam qanuni fəaliyyətini hökm kimi irəli sürmürük, amma Mediaxeberleri.Az olaraq əldə etdiyimiz bəzi məlumatları da diqqətə çatdırmağı vacib bilirik:

Əvvəla, artıq uzun müddətdir ki, media Nizaməddin Quliyevi korrupsiya və qanunsuzluq fironu kimi gündəmdə saxlamışdı. Onun bu tip xoşagəlməz fəaliyyəti hələ Goranboy rayonuna rəhbərlik etdiyi dönəmdən ölkə mətbuatında yazılır. Bu ittihamlarda söhbət yalnız rüşvət və korrupsiyadan yox, həm də qətlə qədər gedib çıxan cinayətlərdən gedir. Yəni ortada N.Quliyev kimi bir fiqur varsa baş vermiş cinayət piramidasının zirvəsi də bu şəxsə aiddir.

İkincisi, Ramiz Tatarov məntiqi olaraq rayonun və ya hər hansı bir idarəçilik aparatının rəhbəri olmayıb. Onun rəsmi postu tabe olduğu şəxsin, yəni icra başçısının göstərişlərini yerinə yetirməyi birbaşa tələb edir.

Üçüncüsü, Tatarovun YAP rayon təşkilatı sədri olması da əsas məsələ deyildi. Ən fantastik hadisə Ağstafa rayonunun icra başçısı Nizaməddin müəllimin həbsi idi. Qəribəsi isə onun Goranboyda icra başçısı olanda rüşvətxorluq eləməsi üstündə tutulmasıydı. Deməli, hələ çatdırıb Ağstafada bir şey yığa bilməyibmiş (ya da ona bu işə görə türmədən çıxandan sonra baxacaqlar). Goranboyda başçı olanda yüzlərlə adamın adına saxta maaş kartı açıb dövlət büdcəsini nizamlı şəkildə əmirmiş Nizaməddin müəllim.

Və nəhayət sonuncusu, əgər R.Tatarov doğudan da deyilən əməllərə imza atıbsa niyə hədəfdə yalnız o tutulur. Axı bütün bunlardan medianın xəbəri varsa və yazılanlar həqiqətdirsə zamanında dövlət rəhbərliyi, hüquq mühafizə orqanları bununla bağlı tədbir görməliydi. Başqa sözlə baş vermiş cinayətlər silsiləsi R.Tatarovun adına bağlı olsaydı icra başçısının müavinini daha sakit şəkildə həbs etmək mümkün idi. Hər halda vəzifədə olan icra başçısının həbsi qədər səs küy yaratmazdı bu.
Bu mövzu ilə bağlı xüsusi olaraq diqqətə alınmalı məqam Ramiz Tatarovun keçdiyi həyat yoludur.

Bununla bağlı Mediaxeberleri.Az olaraq rəsmi tərcümeyi halı diqqtinizə çatdırırıq:

Tatarov Ramiz Cahangir oğlu – 1957-ci ilin dekabr ayının 19-da Qazax rayonunun Aşağı Göycəli kəndində anadan olub. 1974-cü ildə o vaxtkı Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsinə daxil olub, 1979-cu ildə həmin fakültəni bitirib. Əmək fəaliyyətinə 1980-ci ilin aprelində Qazax rayon Ağamalıoğlu adına sovxozda normalaşdırıcı vəzifəsi ilə başlayan R.Tatarov həmin ilin dekabr ayında sovxozun mühasib müavini təyin olunub. 1989-cu ilin may ayından oktyabr ayınadək sovxozun baş iqtisadçısı, oktyabr ayından həmin sovxoza direktor təyin olunub. 1991-ci ilin iyun ayından 1995-ci ilin may ayınadək Ağstafa rayonunun M.Allahverdiyev adına sovxozunda direktor vəzifəsində işləyib. 1995-ci ilin may ayından 1998-ci ilin dekabr ayınadək Ağstafa Rayon Aqrar Sənaye Kombinatının baş direktoru, 1998-ci ilin dekabr ayından Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyib. 1993-cü ilin mart ayında Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan R.Tatarov 1999-cu ilin sentyabr ayından YAP Ağstafa rayon təşkilatının sədridir. "Dövlət qulluğunda fərqlənməyə görə” və "Tərəqqi” medalına layiq görülüb. Evlidir, dörd övladı var.

Göründüyü kimi, ortada Ramiz Tatarovun 40 illik əmək fəaliyyəti var ki, bunun da tam 20 ilini Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və YAP Ağstafa rayon təşkilatının sədri kimi çalışıb. O bu illər ərzində "Tərəqqi” medalından "Dövlət qulluğunda fərqlənməyə görə” medalına qədər çoxlu ödüllər qazanmışdı. Ola bilməz ki, 20 il dövlətə sədaqətlə xidmət edən və bunun qarşılığında yüksək mükafatlara layiq görülən bir şəxs bir günün içində mənfi qəhrəmana çevrilsin. Onu da qeyd edək ki, Tatarovlar rayonda hər zaman hörmətlə xatırlanan bir nəsl olublar. Ramiz Tatarovun yaxın qohumu Adil Tatarov 2018-ci il 20 may tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olmuşdur. Prezident İlham Əliyev mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən şəhid olan əsgər Adil Əli oğlu Tatarov dövlət başçısının sərəncamı ilə (ölümündən sonra) "Vətən uğrunda” medalı ilə təltif olunub. Qeyd edək ki, Adil Əli oğlu Tatarov bundan əvvəl müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmr ilə "Şücaətə görə” medalı ilə təltif olunmuşdu.