Cəmiyyət

Qlobal zəlzələnin ikinci təkanı: biz bundan necə qorunuruq?

"Mən gözümün gördüyü heç nədən qorxmuram". Bu ifadə Məhəmməd Peyğəmbər haqqında çəkilmiş məşhur "Müşdəçi" bədii filmindən yadımda qalıb. Məntiqlə insan gözünün gördüyündən qorxmamalıdır; mənşəyini, ölçüsünü bildiyin təhlükəyə qarşı önləm almaq imkanın var. Bu, artıq bizimlə yüzillərdir yol gələn məntiqə söykənir.

Bəs əgər düşməni görə bilmirsənsə, izləyə bilmirsənsə və o, hər yerdədirsə?! Bu, daha təhlükəli deyilmi? Bu gün içində yaşadığımız durumda olduğu kimi.

Hər gün daha çox insan dünyasını dəyişir COVİD-19 bəlasından. Mütləqdir ki, bu gözəgörünməz düşmən ətrafımıza, yaxınlarımıza, ailələrimizə, özümüzə gəlib çatsın, ondan sonra anlayaq bu təhlükənin real ölçülərini?! Artıq aylardır ki, bu xəstəlik bütün dünyada tüğyan edir. Böyüklü-kiçikli bütün dövlətlər, xalqlar aşağı-yuxarı eyni dərəcədə bu bəla ilə çarpışır. Bizim öz səhiyyəmizdən çox yazılır, çox danışılır. Təkrar etməyəcəm. Yadımızdadırsa, bu ilin əvvəlinə qədər - sərhədlər bağlanmamışdan qabaq ayağı yer, cibi pul tutan xəstələrimiz Rusiyaya, İrana, bir az daha imkanlılar Türkiyəyə, lap zənginlər şəfa tapmaq üçün İsrailə, Avropa ölkəərinə, ABŞ-a gedirdi. Ancaq yeni tipli koronavirus dünyanı cənginə alanda birinci elə bizim şəfa axtardığımız o ölkələri vurdu və vurmaqda da davam edir. Eyni durum Çin, Yaponiya kimi nəhəng iqtisadiyyatları, gəlişmiş tibb xidməti olan ölkələrdə də var.

Biz yəqin ki, Cənubi Koreyanın iqtisadi gücünə və səhiyyəsinin inkişaf səviyyəsinə həsəd apararıq, eləmi?! Baxın, elə dünən Cənubi Koreya COVİD-19 bəlasının ikinci dalğasının bu ölkədə başlandığını bəyan etdi. Halbuki pandemiyaya qarşı ən effektiv mübarizə apardığı deyilən ölkələrdən biri idi. Pandemiyadan sanki canını qurtarmaq üzrə olan ölkələrdə bu virus yenidən baş qaldırdı və yayılma sürətini və ölümcül effektini artırdı. Zatən hələ heç birinci dalğa pikə çatmamış elm adamları ikinci dalğadan danışırdılar - proqnoz verirdilər. Bədbin proqnozlar yenə ÇİN çıxdı (hər iki mənada).

Bu sanki qlobal dağıdıcı bir zəlzılədir; birinci təkan var, ikinci... Sonra avtoşoklarla davam edir. Dəfələrlə zəlzələlər yaşamış ölkəyik. Yeraltı təkanlar baş verdiyi anda biz reflektiv olaraq canımızın hayına düşürükmü?! Əlbəttə! Bəs nədən koronavirus pandemiyasına eyni reaksiyanı verə bilmirik?! Daha doğrusu, hamılıqla reaksiya vermirik. "Meydanda bir döyüşçü təkbaşına döyüşçü deyil" ifadəsi var. Bu, başqa savaşlar üçündür. Dəfələrlə yazmışıq, deyirik ki, Çindəki bir nəfər bütün dünyanı yoluxdura bildisə, biz hər birimiz əgər bu xəstəliyə yoluxmuşuqsa, təkbaşına çox sayda başqa insanın da yoluxmasına, mümkündür ki, onlardan hansılarınsa ölümünə səbəb ola bilirik. İndi təsəvvür edək ki, təhlükə nə qədər böyükdür! Gürcüstanda, bilirsiniz, niyə azdır yoluxma?! Çünki, hər kəndi, hər şəhəri qapadılar, yayılmasının qarşısı alındı. Yox, bu, təkcə polisin, mülki müdafiənin, hətta ordunun (ki, əslində onu öz vəzifələrindən çox da ayırmaq olmur) gücü ilə təmin oluna bilən iş deyil. Ən böyük müdafiə resursu insanların özüdür. İnsanların intizamı, bu məsələyə şüurlü yanaşmasıdır.

Bizdə bəzi hallarda bəs nə baş verir?! Polis postların ətrafında torpaq yolları qazır ki, adamlar şəhərdən çıxıb bu virusu qohumlarına "hədiyyə" aparmasın, yaxud ordan tutub "alıb" gətirməsin. Bəzi sürücülər və sərnişinlər isə gedib həmin qazılan yerləri doldururlar, gecənin qaranlığında gizli yollarla qaçırlar. Əcələmi qaçırlar, əcəldənmi qaçırlar - bəlli deyil! Öz həyətində bir balaca çuxur görəndə: "Hökumət hara baxır?!" deyən adamlar post ətrafından dolanıb gedən torpaq yollarda buldozerlərin qazdığı quyuları əlləri ilə doldurur. Xeyr, bu cümlədən məqsəd hökuməti müdafiə etmək deyil; onun da səhvləri vardır. O başqa. Söhbətin mövzusu, sadəcə, bəzi insanlarımızın hələ də təhlükənin boyutunu tam olaraq dərk etməməsi və ya dərk etmək istəməməsidir. Bu, əslində karantin qaydalarına əməl edən milyonlarla başqa insanlara da qarşı sayğısızlıq etmək, ən başlıcası, zərər verməkdir.

...Bir dəfə tıxacda yanımda dayanan avtomobilin sürücüsü şüşəsini endirərək ironiya ilə: "Qardaş, kəməri nə bərk bağlamısan?! Qorxma, burda polis yoxdur" demişdi. Tanımadığı adama "sən" deyə müraciətini o "qardaş" kəlməsinə bağışladım; bunu problem saymadım. Problem başqadır: adama elə gəlib ki, kəməri yalnız polisə görə taxmaq lazımdır. Polis cərimələyər deyə. Əslində isə kəməri hər bir sürücü, sərnişin öz sağlamlığını, həyatını qorumaq üçün taxır. Polisin bura nə dəxli var?! Hər bir adamın yanında polis qoymaq lazımdır?! Bu, mümkün də deyil. Hər kəsin öz içində bir polis də olmalı deyilmi?! Biz bu günkü durumda hər birimiz həm də özümüzün polisimiz olsaq, bizi karantin qaydalarına məcbur etmək üçün başqa polisə ehtiyac da qalmaz. Bəli, qaydaları pozanlar həmişə var, olacaq da. Ancaq biz axı başqa məsələlərdə çox fərdiyyətçiyik. İndi lazım olan məqamda-lazım olan anlamda niyə fərdiyyətçi olmuruq?! Ən azı özümüzü düşünək. Bu məsələdə fərdiyyətçilik edib hər birimiz özümüzü qorumaqla həm də bütövlükdə hamını qorumuş oluruq. Pis nümunə yolxuxucu olsa da, yoluxmamağa çalışmalıyıq. "Filankəsə olar, mənə olmaz?!" ritorikası burda yersiz və üzücüdür. Hətta öldürücüdür...

P.S. Düşünürəm ki, bu ağır, çətin, təhlükəli günlərdə bütün başqa fərqliliklərinə, fikir ayrılıqlarına, hətta diametral yanaşmalara baxmayaraq bizi həyatımızla sınağa çəkən pandemiya şəraitində birlik olmağın yolunu, modelini cızmağı bacarmaq lazımdır. Bir dəli dağ çayı daşıb, bizi də qarşına alıb yuvarladır. O selin içində sürüklənərkən şəxsi və sair davaların nə yeridir, nə zamanı. Əvvəlcə bu selin cəngindən salamat çıxmaq üçün bir-birinizin əlindən tutun, yarımçıq davalarınızı sürdürmək üçün sonra bir ömür vaxtınız olacaq.

 

(Aqreqrator.az)

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər