Gündəm
MTN-in iki generalının həbs müddəti uzadıldı - QƏRAR
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin baş istintaq idarəsinin rəisi olmuş, general-mayor Mövlan Şıxəliyev və həmin Nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinovun barəsində olan cinayət işi üzrə istintaqın müddətinin və həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanına vəsatətinə baxılıb.
MUMtv.az Demokrat.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarı ilə vəsatət təmin olunub.
İttihama görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
İstintaqla Şixəliyev Mövlan Məmmədismayıl oğlunun MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, istintaqla həmin Nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Şirinov Nizami Talış oğlunun qeyd olunan vəzifədə işlədiyi müddətdə müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almasına, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
Mövlan Şıxəlıyev və Nizami Şirinov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.
Demokrat.az