Gündəm

Məktəblər tədricən ənənəvi formasına qayıdır?
Tədrisin distant formasına keçidi, onlayn dərslər təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb oldu. Lakin pandemiya tədrisin forma və keyfiyyətinə təsir göstərsə də, dövlət siyasətində təhsilin prioriteti dəyişmədi. Vətəndaşlar gördü ki, ölkə üçün hətta ən çətin dövrdə belə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni məktəblərin, tədris ocaqlarının tikintisinə önəm verdilər, pandemiyaya baxmayaraq yeni məktəblərin açılışında şəxsən iştirak etdilər. Bu da Azərbaycanın dövlət siyasətində təhsilin necə önəm daşıdığını, maddi resursların tədrisə yönəldiyinin göstəricisidir.

Məhz orta məktəblərdə əyani dərslər bərpa olunan gün - fevralın 1-də Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Abşeron rayonunun Xırdalan şəhərində 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış oldular.

Qeyd edək ki, dövlət başçısının 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib. Yeni tikilən korpusda müasir sinif otaqları, informatika, hərbi hazırlıq, əmək təlimi, məktəbəqədər hazırlıq kabinetləri yaradılıb və zəruri dərs vəsaiti ilə təchiz olunub. Burada, həmçinin STEAM – elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat otağı, laboratoriyalar, akt zalı və açıq idman meydançası yaradılıb.

Bundan əvvəl də, pandemiyanın geniş yayıldığı aylarda dövlət başçısı da, birinci vitse-prezident də yeni məktəblərin açılışında iştirak edirdilər.
Məsələn, Xəzər rayonu, Bülbülə qəsəbəsindəki 3 saylı Uşaq İncəsənət məktəbi, Qala qəsəbəsində təmir olunmuş 261 saylı məktəb məhz pandemiya dövründə istifadəyə verildi. Bütün bunlar dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin nəticəsidir. Pandemiya bitməyib, lakin hökumətdə hesab edirlər ki, yoluxma sayının azalması, sağalma sayının yoluxma sayını üstələməsi orta məktəblərdə əyani tədrisin hələlik qismən bərpasına imkan verir. Niyə məhz ibtidai siniflər?

Azyaşlılara əyani dərslər vacibdir

Əyani dərslərin mərhələli şəkildə bərpa olunacağı barədə Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə məlumat verdi və bildirdi ki, əyani tədrisin digər siniflərdə, həmçinin tam bərpa olunması yoluxma sayından asılı olacaq. Ümumi epidemioloji vəziyyətdən çıxış edərək, 2021-ci il fevralın 1-dən orta məktəblərdə ibtidai siniflərdə tədrsin qismən bərpasına dair qərar qəbul olunub. Nazirin sözlərinə görə, iri şəhər və rayonlarda məktəblərdə ibtidai siniflərdə əyani tədris həftədə 3 dəfə, kənd yerlərində - həftədə 4 və ya 5 dəfə həyata keçiriləcək.

Nazir qeyd edib ki, bu tədris forması fevralın 14-dək qüvvədədir. Gələcək addımlarımız epidemioloji vəziyyətdən asılı olacaq.
E.Əmrullayev bildirib ki, Azərbaycanda məktəblərdə əyani tədris 2020-ci il sentyabrın 28-dən etibarən Qarabağda müharibə başlanandan və koronavirusa yoluxma halları artdıqdan sonra dayandırılıb.

Nazir vurğulayıb ki, 2021-ci il fevralın 1-dən ibtidai siniflərlə yanaşı, məktəbəhazırlıq, icmaəsaslı məktəbəqədər təhsil qruplarında dərslər bərpa olunur.
E.Əmrullayevin sözlərinə görə, 5-9-cü sinif şagirdləri üçün əyani tədrisin fevralın 15-dən bərpa edilməsi nəzərdə tutulur. Lakin bu həmçinin epidemioloji vəziyyət və Bakı metropoliteninin nə zaman fəaliyyətini bərpa edəcəyindən asılıdır.

Qeyd edilir ki, ibtidai siniflər üzrə 628 651 şagird, məktəbəhazırlıq qruplarında 103 604 uşaq, həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında isə 9207 uşaq ənənəvi tədrisə artıq başlayıb.

Nazir bildirib ki, təhsil müəssisələrində əyani tədrisin bərpası nazirliyin təkbaşına verəcəyi qərar deyil. Fevralın 1-dən sonrakı iki həftə ərzində V-IX siniflərin, o cümlədən peşə təhsili müəssisələrinin və ali təhsil müəssisələrində qismən təhsilin bərpa edilməsi ilə bağlı qərarın verilməsi gözlənilir. Bakı şəhərində Metropolitenin fəaliyyəti bərpa edilərsə, növbəti mərhələdə V-IX siniflərin açılması daha məqsəduyğun olar. Çünki xeyli sayda məktəb müəllimi və texniki heyət metrodan istifadə edir.

Sinif otaqlarında sıxlıq olmamalıdır

Təhsil naziri bildirib ki, dərslərin həftədə 3 dəfə açılması zərurətdən irəli gəlir. Pandemiya şəraitində ən vacib göstərici sıxlığın idarə olunmasıdır. O qeyd edib ki, sıxlıqlarla, sosial məsafələrlə bağlı vəziyyət yaxşılaşarsa, siniflərin ənənəvi formaya qayıtması ilə bağlı vəziyyət düzələr.
"Azərbaycanda şagird sayı 40 nəfər və daha çox olan siniflərin sayı 311-dir. Hibrid model yaradıcı təfəkkürün məhsulu deyil. Bir daha qeyd edirəm, vəziyyət yaxşılaşarsa, ənənəvi təhsilə keçid daha da sürətli olar. Azərbaycanda 85600 sinifdən 49 mini, 57 faizində şagird sayı 20 faizdən azdır.
Digər 20 min məktəbdə 21-25 nəfər arasındadır. Orta hesabla 80 faiz şagirdimiz sinifdə 25 və daha az uşaqla oturur. 40 nəfər və daha çox olan siniflərin sayı 311-dir ki, bu da 0, 4 faizdir. Bu siniflərdə 0,9 faiz şagird oxuyur. Bizim o siniflərdə ciddi problemimiz olacaq”.

Nazir qeyd edib ki, elektron dərsliklərdən istifadə sayı ötən illə müqayisədə 2 dəfə artıb, yəni şagirdlər 4 milyon dəfədən artıq bu dərsliklərə müraciət ediblər:

"Təhsilin keyfiyyətinə gəldikdə isə problem və mənfi zədə sosial baxımdan daha aşağı təbəqələrə dəyir, yəni ucqar kəndlərdə yaşayan şagirdlər, tələbələr daha az dəstək görmüş olur. Təhsilin keyfiyyəti vəziyyətin davam etməsi fonunda müsbət olub desək, düz olmaz, amma yenə də bilik və bacarıqları qiymətləndirmədən sonra biləcəyik. Yaranan boşluqları necə doldura biləcəyimizi görəcəyik. Ən çox mənfi təsir ibtidai sinif və daha aşağı yaş təbəqələrinin sosial emosional vəziyyətlərinə olub. Eyni zamanda bunun aradan qaldırılması üçün daha dəqiq ölçmələrdən sonra dəqiq vəziyyətini biləcəyik. Müəllimlərin emosional vəziyyəti də çox önəmlidir. Müəllimlər ayrı otaqlarda dərs deyirdi, amma bu gün Təhsil Nazirliyi, valideyn daha yaxşı görür, ona görə də emosional baxımdan o qədər də rahat vəziyyət deyil. Güman edirik ki, bu dövr ərzində şagirdlərdə müstəqil öyrənmə bacarığında müəyyən irəliləyiş, müsbət dinamika olub. İKT bacarığı da hamı üçün irəliyə atılan addımdır”.

Təhsil Nazirliyi vaksinasiya olunacaq müəllimlərin siyahısını hazırlayıb.
E.Əmrullayev, 50 yaşdan yuxarı müəllimlərin könüllü vaksinasiyasının pandemiya ilə mübarizədə həyatımızı asanlaşdıracağını düşünür: "Bakı şəhəri üzrə 16698, bölgələr üzrə 32 600-dən çox müəllimin vaksinasiyası gözlənilir".

Adaptasiya prosesi hələ başa çatmayıb

Hələ ki, məktəbə getmək sevincini yaşayan ibtidailərdir. İbtidai siniflərdə dərslərin qismən bərpa olunması ilə bağlı hazırlanan video-süjetlərdə də şagirdlərin sevindiyi görünür. Bu da təbiidir. Uşaqlarda təxminən 3-4 yaşından məktəbə getmək arzusu baş qaldırır. Tez böyümək istəyirlər, özlərindən böyüklərin məktəbə getdiyini görür və onlar da böyüklər kimi dərsə getmək istəyir. Orta və yuxarı sinif şagirdlərini hələlik kənara qoyaq. İbtidai sinif şagirdləri dərsə getməyə daha çox meyilli, maraqlı olur. Eyni zamanda ibtidai siniflərdə əyani dərslərin keçilməsinə daha çox ehtiyac var, uşaqları əyani şəkildə başa salmaq tədrisin vacib hissəsidir. Yuxarı sinif şagirdləri müəllimin tapşırığını sərbəst şəkildə həll edə, fənlə bağlı məlumatları özləri əldə edə bilir. İbtidai sinif şagirdləri isə mütləq müəllim nəzarətində olmalı və dərsi qavramaq üçün əyani tədrisə cəlb edilməlidirlər. Əyani tədrisin bərpasının ilk növbədə ibtidai siniflərdən başlanmasının bir səbəbi də azyaşlılar arasında koronavirusa yoluxmanın qeydə alınmamasıdır. Bununla belə, əyani dərslərin başlamasında narazı qalanlar da tapılır. Bəzi uşaqlar, "onlayn dərs bundan yaxşıdır” deyir. Bu, dərslərin hələ ki tam bərpa olunmamasından asılıdır, yoxsa uşaqlar bir neçə ayda onlayn dərslərə alışıblar?

Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında qeyd etdi ki, onlayn tədris uşaqları tənbəlləşdirib:

- Xeyli vaxtdır, dərslər onlayn qaydada keçilir, bu da uşaqlarda tənbəllik formalaşdırıb. İnternetin axsaması, bəzi şagirdlərin onlayn dərslərə qoşulma imkanlarının məhdudluğu, müəllimlərin də onlayn dərslərə hazırlıqsızlığı uşaqların dərslərdən yayınmasına gətirib çıxarırdı. Bəzən uşaqlar dərsə qoşula bilməmələrini internetin "üstünə atırdılar”. Çünki bilirdilər ki, internetə qoşulmada problemlər var. Ona görə də müəyyən qədər tənbəllik yaranıb. Sizə deyim ki, sinif tədrisi 16-cı əsrin məhsuludur. 16-cı əsrə qədər sinif tədrisi modeli olmayıb. İndi isə 21-ci əsrdir. 5 əsrdir təhsilin sinif tədrisi modeli tətbiq olunur. Amma bu pandemiya onlayn dərs modelini də həyatımıza və təhsil sahəsinə gətirdi. Buna məcburduq. Onlayn tədris üsulu yaxşıdır, lakin hər şagird və tələbə üçün deyil. Onlayn tədris seçmə şagirdlər üçündür. O şagird ki, üzərində işləyir, çalışır, belə şagirdlər üçündür. Müasir müəllimin tərifi də əvvəlkindən fərqlənir artıq. Müasir müəllim odur ki, şagirdi öyrətmir, şagirdə necə öyrənməyi öyrədir. Əyani tədrisin bərpasına niyə məhz ibtidai siniflərdən başlandı, çünki problem aşağı siniflərdədir. İbtidai sinif şagirdi əyani şəkildə dərs almalıdır. Onu da bilirik ki, təhsilin yükü valideynlərin çiynindədir. Valideyn uşağı məktəbə aparıb-gətirir, uşaqla bir yerdə təhsil alır. Üz-üzə dərslər hələ tam bərpa olunmayıb. Əyani dərslərin üstünlüyü budur ki, şagirdlər arasında kollektivçilik yaradır, ünsiyyət yaradır, fikir mübadiləsi aparılmasına şərait yaradır. Onlayn dərslərsə daha sərbəstdir. Onlayn dərslərdə azadlıq var, sərbəstlik var. Uşaqlar buna görə onlayn dərsləri sevməyə başlayıb. Xarici ölkələrdə şagirdə dərs zamanı sərbəstlik verilir. Şagird dərs zamanı acıbsa, çəkinmədən çantasında sendviçi çıxarır və yeməyə başlayır. Eynilə su içmək istəyirsə, ya da başqa hər hansı bir halda. Məsələn, lövhə önünə çıxır, otaqda gəzişir… Bizdə bu sərbəstlik çatışmır. Uşaqlar 45 dəqiqə mütləq qaydada sinifdə, parta arxasında əyləşməlidir, həm də düzgün əyləşməlidir. Uşağın qələmi yerə düşəndə əyilir qaldırsın, müəllimdən o dəqiqə xəbərdarlıq gəlir: düz otur! Daha müəllim soruşmur ki, uşaq niyə aşağı əyilib, nə baş verib?

N.Qulamoğlu bildirdi ki, texniki problemlər səbəbindən tədrisin əyani formasının bərpası əlbəttə, daha məqsədəuyğundur, lakin müəyyən müddət keçdikdən sonra tədrisin hər iki formasından – həm əyani, həm də onlayn formasından istifadə edilə bilər:

- Əyani tədrisdən onlayn tədrisə keçid bir qədər ağrılı oldu. Biz bunu qəbul imtahanlarının nəticələrində də gördük. Texniki problemlər vardı, amma ötən müddət ərzində onları həll etmək olardı. Adaptasiya prosesi hələ başa çatmayıb. Ona görə də müəyyən çətinliklər yaşanır. Amma düşünürəm ki, zaman keçdikcə, tədrisin hər iki formasından istifadə ediləcək. Onlayn tədrisin prioriteti daha artıqdır. Dövlət üçün də onlayn tədris daha sərfəlidir

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər