Seçki təxribatçıları necə ifşa olundu – VİDEO FAKT
Azay Quliyev 9 fevral seçkilərində deputatlığa namizəd olacağını açıqladıqdan dərhal sonra heç bir əsaslı tənqid tapa bilməyən aciz və cılız "siyasət” dəllalları ona qarşı böhtan yağdırmağa və təxribatla məşğul olmağa başladılar. İlk gündən indiyədək bunu alqoritmik ardıcıllıqla davam etdirirlər. Yəqin ki, seçkinin nəticələri təsdiq olunan günədək də biz belə çırpıntıların şahidi olacağıq. İndi isə bu təxribatların xronologiyası haqqında…Lap əvvəl, təbliğat-təşviqat kampaniyası başlamamış 8 saylı Binəqədi birinci seçki dairəsinin adına saxta səhifə açıb Azay Quliyevin vikipediyadakı şəklini və tərcümeyi-halını ixtisar edərək çoxlu orfoqrafik səhvlərlə dolu mətni həmin səhifədə paylaşdılar. Bundan sonra utanmadan dərhal hay-küy saldılar ki, bəs deməyəsən Azay Quliyev vaxtından əvvəl təbliğat-təşviqata başlayıb. Yetkin vətəndaşlar sosial şəbəkədəki həmin saxta səhifədə paylaşılan materialları izlədikdən sonra gördülər ki, bu təxribat məqsədilə hazırlanmış qara PR-dan başqa bir şey deyil və müəllifi alagüllü pencəkləriylə diqqəti çəkə bilməyən 1 aylıq (daha doğrusu 20 günlük) "rəqib”lərdən biridir. Yəni, təxribatı da özləri kimi bəsit və primitiv formada hazırladıqlarından ilk andaca ifşa olundular.Sonra isə iş adamı Azay Möhnətovun əmlak və şirkətlərinin Azay Quliyevə məxsus olması haqqında yalan məlumatı dövrüyəyə buraxdılar. Artıq Azay Möhnətovun özü çoxdan mətbuata verdiyi video müsahibədə bu məlumatların yalan olduğunu bəyan etmişdi. Bu da, yəni "əmlak şousu” da işə yaramadı.Bütün bu təxribatları faş olandan sonra absurd ittiham irəli sürdülər ki, Azay Quliyev guya bu dairədə heç kimi rəqib görmək istəmir, bu səbəbdən də digər iddiaçıların deputatlığa namizəd olmaq üçün qeydiyyata alınmalarına imkan vermir. Seçki qərargahının rəsmisi olaraq izah etdik ki, DSK-nın funksiyası ilə deputatlığa namizədin vəzifəsi arasındakı fərqi oxuyub anlamaq lazımdır. Namizədlərin qeydiyyatı mərhələsi bitdikdən sonra bu iftira da boşa çıxdı.Bu kimi yalan və böhtanların ayaq tutub yerimədiyini görən bu biçarələr Azay Quliyevin yanvarın 17-də seçki qərargahının üzvləri, könüllüləri və fəalları ilə təbliğat-təşviqat kampaniyasının başlanmasına həsr olunan Ümumi Yığıncağını fürsət bilib ora muzdlu "çəkiliş” qrupu göndərdilər. Tədbirdə əvvəldən axıra kimi çəkilş apardılar və biz də bilərəkdən onlara mane olmadıq. Tədbir zamanı əllərinə heç nə "keçməyən” bu təxribatçılar sonra "xaric oxumağa” başladılar ki, bəs deməyəsən ölkə konstitusiyası, seçki məcəlləsi, beynəlxalq hüquq normaları və prinsipləri kobud şəkildə pozulub və universitet tələbələri Azay Quliyevlə görüşdə iştirak edib. Əvvəla yoldaş təxribatçılar, sizdən soruşmaq istəyirəm: nə vaxtdan və hansı qanunla 18 yaşı tamam olmuş universitet tələbəsi ölkənin siyasi həyatında iştirak edə bilməz? Deputatlığa namizədin seçki qərargahına üzv ola, könüllü kimi çalışa bilməz?İkincisi, bu qədər tədbir iştirakçıları arasından 4-5 gəncə müxtəlif suallar verib, daha sonra cavablarını montaj edib öz təxribatlarına uyğunlaşdıraraq guya onların tədbirə zorla gətirilməsi haqqında görüntü yaratmağa çalışaraq özlərini gülünc vəziyyətə saldılar. Hələ açıqlama aldıqları həmin şəxslərin içərisində özlərinin məqsədli şəkildə gətirdiklərini demirik. Doğurdan da siz bu uğursuz "montaj əməliyyatı”nızla Azay Quliyevin seçki qərargahının yüzlərlə üzvü və könüllüsü ilə keçirdiyi tədbirin möhtəşəmliyinə və siyasi effektinə kölgə salacağınıza və kimisə aldada biləcəyinizə ümid edirdiniz?!Yoldaş təxribatçılar, bu dəfə də alınmadı…Fikirlərini montaj edərək təhrif etdiyiniz gənclərdən biri, Əlisahib Kazımbəyov sizin bu təxribatınızın qurbanı olması haqqında xəbər tutan kimi bizim seçki qərargahına müraciət edərək növbəti saxtakarlığınızı da ifşa etmiş oldu. Baxın bu videoya və bir gənci öz çirkin oyununuza alət etdiyinizə və ona qarşı törətdiyiniz mənəvi terrora görə heç olmasa utanın!Sonda isə 17 yanvar tədbirindən hazırlanmış qısa videoçarxı qeyd etdiklərimin əlavə sübutu kimi bir daha hər kəsin diqqətinə təqdim edirəm. Baxın və gənclər də daxil olmaqla tədbir iştirakçılarının fəallığına, yüksək əhval ruhiyyəsinə və Azay Quliyevi necə dəstəkləmələrinə özünüz də şahidlik edin!P.S.Biz Azay Quliyevin seçki qərargahı olaraq bu tip təxribatlara xüsusi əhəmiyyət verməyə də bilərdik, lakin xaricdən qanunsuz yolla maliyyələşən və bu cür çirkin və sifarişli qarayaxma kampaniyası aparmaqla ölkədə yaradılmış demokratik və şəffaf seçki mühitinə xələl gətirmək istəyənlərin iç üzünü açmağı və onları ifşa etməyi vacib hesab etdik. Şübhəsiz ki, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin hədəf seçilməsi və mətbuata təxminən bəlli olan bəzi xarici kəşfiyyat orqanlarının uzantılarının da bu qarayaxma kampaniyasına dəstək verməsi təsadüf hesab edilə bilməz. Ümid edirik ki, ölkəmizin hüquq-mühafizə orqanları, obyektiv daxili və xarici müşahidəçilər bu amili xüsusi olaraq diqqətə alacaqlar.