Gündəm
Gündəm / Cəmiyyət
“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi tərəfindən Daşkəsən rayonunun ucqar Çovdar, Quşçu kəndləri, eləcə də digər yaşayış məntəqələrindən olan sakinlər ilə növbəti görüş keçirilib.
"MUMTv.az" xəbər verir ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində keçirilən görüşdə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev iştirak edib. X.Fərzəliyev çıxış edərək, Səhmdar Cəmiyyətin fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda, xüsusilə istismar işləri həyata keçirilən mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrin sakinlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, “AzerGold” QSC məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlamaqla dövlətimizin yürütdüyü sosial siyasətə töhfələrini verir. Səhmdar Cəmiyyət fəaliyyət göstərdiyi bölgədə yerli icmaların məşğulluq, təhsil, sağlamlıq, inklüziv inkişaf, idman, mədəniyyət və digər istiqamətlərdə inkişafı yönündə ardıcıl və sistemli layihələr icra edir. Cari il ərzində də bu istiqamətdə işlərin icrasının davam etdiriləcəyi diqqətə çatdırılıb. Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər və aktual məsələlər müzakirə edilib.
Qeyd edək ki, “AzerGold” QSC-nin KSM Komitəsi tərəfindən sosial ehtiyacların müəyyənləşdirilməsi məqsədi ilə bölgə əhalisi ilə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.