Gündəm

Mişel Əliyevlə Paşinyanı 4-cü dəfə görüşdürəcək - Rusiya “ofsayta” düşdü, yoxsa...

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti dəfə Brüsseldə bir araya gələcək. Bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel öz Twitter səhifəsində yazıb.

Mişel vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması mühüm əhəmiyyət daşıyır. “AB Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir”, - deyə o bildirib.

Görüşün konkret vaxtı hələ dəqiqləşməyib.

Xatırladaq ki, bu formatda indiyədək Brüsseldə 3 görüş baş tutub (ötən ilin 14 dekabrında, bu ilin 6 apreli və 22 mayında). Bəs niyə yenə məhz Brüssel, Avropa? Rusiya oyundan çıxır və ya çıxarılır?

Görüş ərəfəsi Azərbaycan Prezidentinin verdiyi mesaj və açıqlamalar diqqət çəkir. Məsələn, həm Şarl Mişel, həm Fransa prezidenti Emmanuel Makron və həm də ABŞ dövlət katibi Entoni Blinkenlə son olaylardan sonra reallaşan telefon danışıqlarında İlham Əliyev Qarabağda hələ də qanunsuz erməni silahlı birləşmələrinin qalmasına diqqət çəkib və qeyd edib ki, Azərbaycan ərazisindəki Rusiya sülhməramlıları tezliklə Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar. Dövlət başçısı üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan tərəfindən bu yolun inşasının yekunlaşmaq üzrə olduğunu və yolun tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını vurğulayıb.

Maraqlıdır ki, Əliyevlə Putin arasında ötən həftə telefon danışığı olmayıb. Belə görünür ki, bu, Rusiya tərəfinin vəziyyət barədə, Bakının gözləntiləri və tələbləri barədə onsuz da məlumatlı olması ilə əlaqədardır. Yəni Bakının istəklərini Kremldə yaxşı bilirlər. Az öncə Prezident iyunun sonunadək qanunsuz birləşmələrin Qarabağdan çıxarılması haqda Rusiya tərəfdən vəd verildiyini də söyləmişdi. Bütün hallarda çox şey rəsmi İrəvanın iradəsindən asılı olacaq. Bəs Paşinyan Əliyevin xəbərdarlığını bu dəfə də yanlış oxumayacaq ki?

YAP-çı deputat Hikmət Babaoğlu 10 noyabr bəyanatının 4-cü bəndinin işləməməsini bir daha xüsusi olaraq vurğuladı: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel öz Twitter səhifəsində Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə növbəti mümkün görüşünü anons etdi. Bu formatda görüş artıq bir növ ənənəyə çevrilməkdə olsa da, konkret nəticə baxımından hələ ki o qədər də məhsuldar deyil. Bunun isə günahkarı terrorçu dövlət olan Ermənistandır. Çünki hərbi müstəvidə olduğu kimi, siyasi-diplomatik müstəvidə də erməni terroru səbəbindən nəticəyə yönəlik bütün cəhdlər iflasa uğrayır. Əlbəttə, bu, daha çox Ermənistanın ziyanınadır. Çünki hər təxribat və ideoloji-siyasi terrordan sonra Azərbaycan qətiyyətli addımları ilə Ermənistanın manevr imkanlarını daha da məhdudlaşdırmağa nail olur. Elə sonuncu təxribatların nə ilə nəticələndiyi də göz qabağındadır. Belə vəziyyətdə rəsmi Brüsselin təşəbbüslə çıxış etməsini Cənubi Qafqaz uğrunda Rusiya ilə geosiyasi rəqabətdə bir addım daha önə çıxmaq cəhdi kimi də qiymətləndirmək mümkün hesab edilsə də, əsl həqiqət ondan ibarətdir ki, hazırda Brüsselin Ermənistanı sülhə məcbur etmək mexanizmləri olduqca məhduddur. Strateji diplomatiyanın dərin qatlarına diqqət etdikdə isə kim bilir, bəlkə belə niyyətin özü də ümumiyyətlə lazımi səviyyədə deyil. Çünki biz 30 ilə yaxın Avropanı təmsil edən ATƏT-in keçmiş Minski Qrupunun fəaliyyətinin timsalında avropalıların ümumi mövqeyinin nə qədər tutarsız və sürüşkən olduğunu görmüşük. Hazırda isə vəziyyət elədir ki, Avropa istəsə də siyasi-diplomatik alətlərdən kənar digər heç bir mexanizmlə Cənubi Qafqazda baş verənlərə müdaxilə edə bilmir, ya da bu müdaxilə kifayət qədər təsirli olmur. Ona görə də Rusiya özünü daha inamlı hiss edir və nəhayət, Rusiya 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsini imzalayan tərəflərdən biridir. Həmin bəyannamə isə bugünkü yeni reallığın əsaslarından birini təşkil edir. Elə həmin bəyannamənin 4-cü bəndində də Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə müvəqqəti daxil olmasına paralel olaraq bütün erməni silahlı birləşmələrinin Azərbaycan ərazisini tərk etməsi bildirilir. Ancaq bu gün hələ də Azərbaycan ərazisindən Milli Ordumuzun mövqeləri terrorçular tərəfindən atəşə tutulursa, deməli, 4-cü bənd işləmir və bunun məsuliyyəti birbaşa həm də sülhməramlıların üzərinə düşür. Ona görə də Rusiyanın indiki vəziyyətdə deyə biləcəyi söz yalnız erməni terrorçuları və silahlı birləşmələrinin təcili surətdə Azərbaycan ərazilərini tərk etməsi ilə bağlı ola bilər. Biz gözləyirik ki, bu məsələyə aydınlıq gətirilsin. Əgər bizim ərazimizdə Rusiyanın müvəqqəti sülhməramlı kontingenti varsa, onda niyə hələ də həmin ərazidə erməni silahlıları da mövcuddur? Yox, əgər erməni silahlı quldurları varsa, o zaman sülhməramlıların bizim ərazimizdə nə işi var? Azərbaycan Ordusu cəmisi bir neçə saat ərzində bütün erməni quldurlarını Qarabağdan təmizləyə bilər. Ona görə də son hadisələrdən sonra Azərbaycanın verdiyi mesajları ilk növbədə Ermənistan, daha sonra isə onu himayə edənlər düzgün başa düşməlidir. Azərbaycan sülh istəyir, ancaq bu sülh üçün öz suveren hüquqlarından əsla geri çəkilməyəcək. Xankəndində də, Ağdərədə də, yəni bütün Qarabağda da Azərbaycan qanunları mütləq işləyəcək və bu vaxta qədər bu qanunları pozanlar öz layiqli cəzalarını alacaqlar”.

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov bu görüşü Ermənistan üçün fürsət kimi görür: “Ermənilərin son təxribatından sonra vəziyyətin gərginləşməsi fonunda Avropa İttifaqının növbəti dəfə görüş təşəbbüsü ilə çıxış etməsi gözlənilən idi. Çünki Rusiyanın iki ilə yaxın vasitəçilik etdiyi sülh danışıqlarında hər hansı ciddi bir irəliləyişin olmaması fonunda Avropa İttifaqının sülhyaratma prosesində davamlı iştirak sərgiləmək niyyəti var. Avropa İttifaqı bununla həm danışıqlar prosesini Rusiyanın monopoliyasından çıxarmaq və həm də Azərbaycan və Ermənistana təsir imkanları əldə etmək imkanı kimi baxır. Xüsusilə də Rusiya-Ukrayna müharibəsinin qızğın bir dövründə Avropa İttifaqının özünün regiondakı siyasi proseslərə əvvəlki təsirini yenidən maksimuma qaldırmaq istəməsi şübhə doğurmur.

Avropada dərin təhlükəsizlik böhranı və Rusiyanın ekspansionist siyasəti Avropa İttifaqını Cənubi Qafqaz ölkələri ilə daha sıx təmas qurmağa və əməkdaşlığı dərinləşdirməyə məcbur edir. Belə demək olar ki, Ukrayna böhranının davam etdiyi bir zamanda Avropa Cənubi Qafqazda yeni münaqişə ocağının yaranmasını qəti şəkildə istəmir və təşəbbüsü ələ alaraq hər iki tərəfi danışıq masası arxasına otuzdurmaq üçün diplomatiyadan istifadəyə üstünlük verir.

Onu da qeyd etmək lazımdır ki, Brüsseldə Bakı ilə İrəvan arasında keçirilən hər üç görüş Rusiyada keçirilən görüşlərlə müqayisədə daha konkret məsələləri ehtiva edir və nəticə etibarı ilə həm Azərbaycan, həm də Ermənistan siyasi hakimiyyətində Qərbə olan inam və pozitiv gözləntilər yenidən dirçəlmə mərhələsinə keçib.

Lakin ikinci bir tərəfdən, Avropa İttifaqı onu da başa düşür ki, indiyə qədər əldə edilən razılaşmaların icrası ilə bağlı hər hansı bir irəliləyişin əldə edilməməsi prosesi uzun müddət sükut halında saxlamağa imkan verməyəcək və mövcud pozitiv gözləntilər də yox olacaq. Son təxribat və Azərbaycanın cavabı da bunu bir daha sübut etdi. Odur ki, növbəti görüşü təşkil etməklə əvvəl əldə edilmiş razılaşmalarla bağlı ən azından müəyyən konkret addımların atılmasına nail olmaq istəyir.

Təbii, bu məqam Rusiyanı narahat etməyə bilməz. Rusiyanın siyasi dairələri Brüsseldə keçirilən görüşlərə “regional münaqişələrin həllində Rusiyanın vasitəçilik rolunun Avropa tərəfindən heçə endirilməsi” kimi qiymətləndirirlər. Odur ki, Rusiya da kənarda qalmamaq üçün hansısa addımlar atmaq məcburiyyətindədir. Addımlar isə məlumdur. Ermənistana təzyiq edilməli və üçtərəfli bəyanatın icrasına nail olunmalıdır.

Prezident Əliyevin də son bir neçə gündə davamlı şəkildə həm Şarl Mişel, həm Emmanuel Makron və həm də ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlarında ərazilərimizdə hələ də qanunsuz erməni silahlı birləşmələrin qalmasına və Rusiya sülhməramlıları tezliklə Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlarına diqqət çəkməsi də məhz bu amilə hesablanıb. Başqa sözlə, prezident mesaj verir ki, danışıqlar olacaqsa, predmetli olmalıdır. Konkret olaraq erməni silahlı birləşmələrinin ərazilərimizdən çıxarılmasını, eləcə də rus sülhməramlılarının alternativ yola dislokasiyası üçün Ermənistanın dərhal alternativ yolla bağlı üzərinə düşən vəzifəni icra etməsini təmin etməlidir.

Bütün hallarda çox şey rəsmi İrəvanın iradəsindən asılı olacaq. Yəni başqa sözlə desək, Paşinyan ya Əliyevin xəbərdarlığından nəticə çıxararaq əvvəllər həm Moskvada, həm də Brüsseldə götürdüyü öhdəlikləri yerinə yetirəcək, ya da Azərbaycan antiterror əməliyyatları keçirmək məcburiyyətində qalacaq.

Odur ki, top indi Ermənistanın tərəfindədir və bu mənada növbəti görüş Ermənistan üçün son fürsət hesab oluna bilər. Əsas odur ki, həm Rusiya, həm də Avropa İttifaqı bunu yaxşı dərk edir və vasitəçilik təşəbbüslərinin heçə enməməsi üçün konkret addımlar atmaq məcburiyyətindədirlər".
“Yeni Müsavat”

Son xəbərlər

Kriptovalyuta: Azərbaycanda qanuniləşdirilə bilər? - AKTUAL

İranın Təhlükəsizlik Nazirliyindən aksiyalarla bağlı BƏYANAT

Ermənistanın hərbi büdcəsi 1 milyard dolları keçəcək — İrəvan kimə qarşı silahlanır?

Tərtərdə minaya düşənlərin vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Azadə Balayeva vəzifəsindən AZAD EDİLDİ

“Dedim gündə məni də öldürürlər, onu da...” — Əli Mirəliyev Rəhim Rəhimlidən DANIŞDI

Azərbaycan nefti ucuzlaşıb

Sabah hava necə olacaq?

Avropada qazın qiyməti 1 900 dollardan aşağı enib

İlham Əliyev: “Azad edilən ərazilərdə Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq”

Prezident Sofiyada Yunanıstanın Baş naziri ilə görüşdü - FOTO

Bakıda orta aylıq əməkhaqqı ARTIB

Oktyabrda hava necə olacaq? — Umayra Tağıyeva açıqladı

Rusiya özünə nə qədər ərazi birləşdirdi?

Gəncədə partlayış - Yaşlı qadın öldü

Bulvarda hamilə qadın özünü dənizə ATDI

SEPAH sosial şəbəkələrdə şərh yazmaq üçün 8 min işçi cəlb etdi

Hərbçilərin pensiyasının artımı yeni qaydada hesablanacaq

Alla Puqaçova İsrail pasportu aldı - FOTO

Vəzifəlilərdən pul tələb edən "jurnalist"ə hökm oxundu

Bəzi avadanlıqlar gömrük rüsumundan AZAD EDİLƏCƏK

MEDİA-da Mətbuat Şurasının yeni sədri ilə görüş keçirildi — FOTO

Güney Azərbaycanda baş tutan etirazlarda üç azərbaycanlı həbs edildi — FOTO

Nazir Lerikdə `YAŞILLIQ QATİLLƏRİ` ilə bacarmır? - ACINACAQLI MƏNZƏRƏ... FOTO/VİDEO

32 yaşlı kişinin mədəsindən 60-dan çox qaşıq çıxarıldı

Trampdan DÜNYAYA MESAJ: "Bu təxribat müharibəyə səbəb ola bilər"

Azərbaycan bayrağına hörmətsizlik edən şəxsin görüntüləri yayıldı

Ağalar Vəliyevlə bağlı İLGİNC İDDİALAR... - Ortada suallar var...

Lənkəranda 24 saat yanan zibillik - Problem necə həll olunacaq?

Vüsal Kərimlinin rəhbərliyi altında maliyyə dərəbəyliyi - "Pulları BakuBus-a köçürüblər, amma şirkət çökür"

Rusiyada yaşayan məşhur azərbaycanlı bloqer: “Vətənimə lazım gəlsəm, orda olacam” – VİDEO

İrandakı etirazlarda 83 nəfər ÖLÜB

Bütün xəbərlər