mumtv.az
mumtv.az

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN SİYASİ KURSUNU UĞURLA DAVAM ETDİRƏN PREZİDENT İLHAM ƏLİYEV

16-10-2021, 09:32

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN SİYASİ KURSUNU UĞURLA DAVAM ETDİRƏN PREZİDENT İLHAM ƏLİYEV

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN SİYASİ KURSUNU UĞURLA DAVAM ETDİRƏN
PREZİDENT İLHAM ƏLİYEV

Heydər Əliyev öz tükənməz qabiliyyət və istedadı ilə siyasi kursunu yaratdı, tarixləşdi və əbədi olaraq xalqımızın yaddaşına hopdu. Siyasi kurs, öndərlik şəxsi məsələ deyil. Bu, artıq milli sərvətdir. Milli mənafeləri, xalqın taleyüklü məsələlərini özündə cəmləşdirən bir sərvət! Şəxsiyyət və fəaliyyəti ilə hər zaman önəm aşılayan bir sərvət! Onu qorumaq, gələcək nəsillərə çatdırmaq ən şərəfli bir missiyadır. Bu missiyanı Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev on yeddi ildən artıqdır ki, layiqincə həyata keçirir.
Ulu öndərin yolunu davam etdirən İlham Əliyev şəxsiyyəti Azərbaycan tarixində gənc yaşda həm Azərbaycanın dünyada tanınan qüdrətli dövlət kimi tarixə düşməsinin, həm də Ulu Öndərin irsinin, ideyalarının və siyasi yolunun uğurla davam etdirilməsi ilə Heydər Əliyev fenomenal şəxsiyyətinin adının tarixə qızıl hərflərlə yazılmasının məsuliyyətini üzərinə götürdü.
İlham Əliyev rasional düşüncəli praqmatik baxışlı, optimist və realist siyasətçidir. Prinsipial, səbrli və qətiyyətlidir. Bəlli hədəfə atəş açmağın zamanını dəqiq bilən peşəkardır. Mətinlik, əzmkarlıq, dözüm və iradə, Onun siyasi portretindəki xüsusi ştrix və yaxud ən böyük cizgi-səbrlə, təmkinlə qalib gəlmək əzmi və qəti iradə nümayişidir. O, başladığı istənilən layihədə öz qalibiyyətinə, uğurlu nəticəyə böyük inamla əmindir ki, bu da onun xarizmasını şərtləndirən ən vacib keyfiyyətlərdəndir.
Prezident İlham Əliyev hakimiyyətinin ilk dövrlərindən Azərbaycan xalqının ümumi dərdi olan Qarabağ və ətrafındakı 7 rayonun geri alınacağı və Azərbaycanın ərazi bütövlüyünün istənilən yolla təmin edilməsi haqqında öz strateji xəttini açıq elan etmişdi. Uzun illər ərzində Prezident tərəfindən torpaqlarımızın geri alınması, ölkənin ərazi bütövlüyünün təminatı istiqamətində çox müdrik siyasət həyata keçirilib. Bu siyasətdə sivil dünya tələblərinə uyğun olaraq sülh yolu ilə bərabər müasir və qüdrətli hərbi durumun təmin edilməsi kimi iki faktor nəzərdə tutulub.
Bu sahədə Prezidentimiz tərəfindən 17 il ərzində çox dəqiq düşünülmüş iqtisadi, siyasi və beynəlxalq faktorları nəzərə almaqla gərgin və nəticəsi ilə bütün dünyanı heyrətləndirən siyasət yeridilib. Bu siyasətin ilk nəticəsini 2016-cı il aprel hadisələrində müşahidə edə bildik. Sonrakı Tovuz və digər təxribatlara da layiqli cavab verildi və ən parlaq həlledici cavabı isə 2020-ci il 27 sentyabrdan başlanan Vətən müharibəsində gördük. Azərbaycan xalqı və bütün dünya uzun illər aparılmış uzaqgörən siyasətin nəticəsinin böyük heyrətlə şahidi oldu. Bütün dünya, hətta bizi istəməyənlər də Azərbaycan Respublikası Prezidentinin Azərbaycanın ən şanlı tarixini yazmasını izlədi. Ali Baş Komandan və rəşadətli ordumuz tərəfindən bu döyüşlərlə dünya hərb tarixində inqilabi yeniliklər edilmiş, unikal hərbi strategiya və taktika reallaşdırılmışdı.
Bu qələbə ilə Ali Baş Komandan Azərbaycan xalqının tarixi kökündən gələn qürur və məğlubedilməzliyini bütün dünyada təsdiq etdi. Azərbaycana qarşı aparıla bilən bütün separatçılığa son qoyuldu, müqəddəs sərhədlərimizin toxunulmazlığı təmin edildi. Bu qələbə bir daha dünyada şanlı tarixə malik türk birliyinin məğlubedilməzliyini bərqərar etdi. Qazanılmış qələbə və aparılmış hərbi əməliyyatlar, həmçinin dünyaya göstərdi ki, Azərbaycan bu gün dünyada güclü hərbi qüdrətə malik dövlətlər sırasındadır.
Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qələbə günü ulu öndərimizin qəbrini ziyarət edərək bütün xalqımızın göz yaşları ilə müşahidə etdiyi tarixi oğul, davamçı missiyasını ifadə edən “Ata, sənin nəsihətini yerinə yetirdim” sözlərini söylədi. Bu, nəslinə, kökünə sadiq bir oğulun, Azərbaycan tarixində ən şanlı səhifə yazan böyük siyasətçi, hərbi sərkərdənin Azərbaycan dövlətçiliyinin yaradıcısı, bütün Azərbaycan xalqının və türk dünyasının xatirəsində əbədi yaşayan atası, ulu öndərimiz qarşısında tarixi hesabatı idi.
Müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandan indi regionda yeni reallıq yaradıb və bununla da özü üçün əbədilik qazanıb.
Dövlət o zaman möhkəm olur ki, güclü Lideri olsun! Güclü lider də məhz güclü xalq formalaşdırır. Prezident İlham Əliyev Azərbaycan xalqının güclü, çevik lideri, Ali Baş Komandanıdır.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi



PREZİDENT İLHAM ƏLİYEVİN LİDERLİK FENOMENİ

Xalqların dünyada nüfuzunu artıran yalnız onların maddi-mədəni sərvətləri deyil, həm də mütərəqqi ideyaları ilə tarixi proseslərə mühüm təsir göstərən şəxsiyyətləridir.
Onların seçdiyi yol milli inkişaf strategiyasının əsasında dayanır və təmsil etdikləri ölkələrin dünya birliyində özünə layiqli yer tutmasını təmin edir. Belə şəxsiyyətlərdən biri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevdir.
Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı ulu öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri də, Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi bütün ali insani keyfiyyətlərə malik böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur. Bu, ondan irəli gəlirdi ki, vətənini canından çox sevən uzaqgörən insanı Azərbaycanın təkcə özünün rəhbərlik etdiyi dövr üçün deyil, ondan sonrakı taleyi də düşündürürdü. 2003-cü ildə səhhətində ciddi problemlər yaranan vaxtlarda belə öz sağlamlığını deyil, xalqını və Azərbaycanın firavan gələcəyini fikirləşən böyük qəlbli şəxsiyyət Heydər Əliyev ictimai rəyə və ümumxalq mövqeyinə əsaslanmaqla Azərbaycan xalqına müraciət edərkən cənab İlham Əliyevi ölkəyə rəhbərlik etməyə qadir lider kimi gördüyünü bildirmişdir. Ölkəmizin taleyinin həlledici məqamlarında hər zaman olduğu kimi, yenə də Heydər Əliyevin müdrik məsləhətinin intizarında olan xalq məhz sonsuz inam bəslədiyi rəhbərin millətinin və dövlətinin gələcəyini düşünməklə verdiyi çox dəyərli tövsiyəsindən bəhrələnərək düzgün seçim etməklə, bu gün digər dövlət başçılarına örnək olan böyük tarixi şəxsiyyət cənab İlham Əliyevi Prezident seçdi.
Onun məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində 18 il ərzində Azərbaycan dövlətinin bütün sahələrində əldə etdiyi uğurlar “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyən Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini sübut edir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik fəaliyyətini təhlil etdikdə onun güclü siyasi iradəyə və idarəetmə bacarığına malik, xalqına və dövlətinə bağlı müdrik lider olduğunu görürük. Bunun nəticəsidir ki, Azərbaycan davamlı inkişaf və modernləşmə yolu ilə irəliləyən, dünya siyasətində öz yeri və rolu olan dövlət kimi tanınır, xarici ölkələr ona hörmət və ehtiramla yanaşırlar.
2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız Prezident İlham Əliyevin müzəffər komandan kimi hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi oldu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında həm Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, həm də ondan irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları, xarici siyasətdə nailiyyətləri dayanır.
Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycanın inkişafına və möhkəmlənməsinə həsr edən Lider kimi xalqımızın böyük rəğbətini qazanıb. Onun dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə müdrik liderə məxsus böyük uzaqgörənliklə yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir. Prezident İlham Əliyev təcrübəli siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir, hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yaradır, parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri və mürəkkəb situasiyalarda düzgün seçim etməsi ilə dünyanın tanınmış dövlət xadimləri içərisində xüsusi yer tutur.
Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə mütəmadi olaraq birbaşa təmaslar yaradır, onları narahat edən, düşündürən məsələlərə böyük həssaslıqla yanaşır. Onun mövqeyinə görə, cəmiyyətin inkişafına təkan verən mütərəqqi ideyalar müxtəlif dəyərlər, baxışlar və intellektual yanaşmalar arasındakı mübadilənin nəticəsində meydana gəlir. İctimai həyatda baş verən hadisə və proseslərə obyektiv yanaşmaq Prezident İlham Əliyevin liderliyinin əsas əlamətlərindən biridir. Onun qlobal düşüncəli, geniş dünyagörüşlü Lider olaraq ümummilli məsələlərlə bağlı həyata keçirdiyi siyasət realist xarakter daşıyır.
Doğma Vətənimiz əmin əllərdədir.

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru



PRAQMATİK LİDER, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV QƏTİYYƏTİNİN ZİRVƏSİ-QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirən, soyqırıma məruz qalan Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytarmaqla, ən böyük xilaskarlıq missiyasını yerinə yetirməklə xalqımızın qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazdı.
Prezident İlham Əliyev beynəlxalq təzyiqləri layiqincə dəf edərək erməni faşizminə qarşı Vətən müharibəsində şanlı ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik etməklə yanaşı, diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətində misilsiz tarixi nailiyyətlərə imza atdı. Vətən Müharibəsində qazandığımız böyük Qələbə 2020-ci ilin hüdudlarına sığmayacaq bir tarixi hadisəyə çevrildi.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hərbi quruculuq siyasəti son 17 ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu, prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını təmin etməyə imkan yaratdı. Respublikamızda müdafiə sənayesi kompleksinin yaradılması, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordu birləşmələrimizin ən yeni hərbi texnika və avadanlıqlarla təchiz edilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin və peşəkarlıq səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması qarşıya qoyulan vəzifələrin məzmunu ilə düzgün əlaqələndirildi, zaman və məkan amillərindən səmərəli istifadə edilməklə böyük zəfəri addım – addım yaxınlaşdırmaq mümkün oldu.
Artıq əminliklə vurğulaya bilərik ki, müasir və müstəqil Azərbaycan tarixinin yeni mərhələsi, eləcə də yeni əsrimizin yeni liderlik dövrü dövlət xadimi İlham Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq, İlham Heydər oğlu Əliyev adı xalqın qalib simvoluna, mütərəqqi əməlləri isə qürur rəmzinə çevrilmişdir. Bütün bu həqiqətlərin təməlində isə həyat və fəaliyyətini doğma xalqına və torpağına sonsuz məhəbbət və sədaqət meyarları dayanmaqdadır. Bu mərhələlərin reallaşması isə söz yox ki, heç də asan başa gəlməmişdir. Çünki o da sirr deyil ki, dövlətçilik, milli-mənəvi dəyər ənənələrinin və demokratik cəmiyyətin bərqərar olmasında, ölkənin qalib gücə çevrilməsində şəxsiyyətin rolu böyükdür.
Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən Müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad etmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytarmışdır.
Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!
Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!

Vüsal Rəhimov – Mədəniyyət işçisi



Hər bir azərbaycanlının Prezidenti

İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun şəksiz qələbəsini təmin etdi. Bu taleyüklü seçkilər ərəfəsində xalq Ümummilli Liderin siyasi kursunun layiqli davamçısını özünün şəriksiz lideri kimi görürdü.
Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin gündən başlayaraq ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verildi. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, – deyən İlham Əliyev ilk növbədə həmin tezisin reallaşmasına nail oldu. Qısa müddət ərzində ölkənin yeni rəhbəri ümumxalq etimadı qazandı. Əfv fərmanları və amnistiya aktları, insan hüquqlarının daha geniş şəkildə qorunması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar dövlətimizin başçısı İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi.
Prezident İlham Əliyevin necə siyasətçi, necə dövlət başçısı və necə şəxsiyyət olduğunu bilmək üçün sadəcə bugünkü Azərbaycan reallıqlarını görmək kifayətdir. Bəli. İlham Əliyev hələ gənc yaşlarında ikən hakimiyyətə gəlməklə elə bir şam yandırdı ki, bu şamın nurundan bütün Azərbaycan işıqlandı və bu işıqdan Azərbaycan vətəndaşının hər birinin həyatına pay düşür.
İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi!
Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.
Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.

Nailə Əliyeva-Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru





Güclü hakimiyyət, güclü iqtisadiyyat, güclü xalq, möhkəm birlik

Azərbaycan Respublikaslnın Prezidenti cənab İlham Əliyevin gördüyü işlər bütün dünya üçün nümunədir. Dövlət Başçısının 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən Azərbaycan vətəndaşıarına diqqət və qayğı göstərir, onların sosial rifah halının durmadan yaxşılaşmasına çalışlr. Eyni zamanda iqtisadiyyatımızln, təhsilin, mədəniyyətin, ordu quruculuğunun inkişafında möhtəşəm işlər görmüşdür. Bunun bariz nümunəsi 30 illik həsrətdən sonra tarixi qələbənin qazanılmasıdır.
Müstəqilliyini yenicə əldə etmiş hər bir ölkənin qarşısında müxtəlif istiqamətli yollar dayanır və hansı yolların daha düzgün müəyyənləşdirilməsi ilə həmin dövlətin rəhbərinin siyasi təcrübəsidir,idarəçilik prinsipinin göstərəcisidir. Bu baxımdan Azərbaycanın qazandığı uğurları, öıkəmizin dünyada böyük nüfuza malik olması, məhz cənab İ. Əliyevin apardığı siyasətin nəticəsidir. Cənab İ. Əliyev prezident seçilərkən demişdir ki, “Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevrilcəkdir” Onun gördüyü işlər miqyası ilə xalqın rəğbətini qazanmış, milyonların sevimli rəhbərinə çevrilmişdir. Bir sözlə güclü hakimiyyət, güclü iqtisadiyyat, güclü xalq, möhkəm birlik. Budur Müstəqil Azərbaycan Dövləti.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru



İham Əliyev və siyasi varisliyin təntənəsi

Ümummilli lider Heydər Əliyevin timsalında Azərbaycan xalqı əsrlərın və minilliklərin qovuşub-ayrıldığı nadir bir tarixi məqamda real istəklərindən əlavə, romantik ideallarını da gerçəkləşdirmiş əfsanəvi liderin ətrafında görünməmiş bir vüsət və coşqu ilə səfərbər olunmuş, mərkəzəqaçma impulsu ilə toparlanmışdı. Bu dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin şəriksiz və misilsiz qələbəsi idi. Həmin qələbə isə XXI əsrin ilk illərində ölkə daxilində və beynəlxalq aləmdə ulu öndərin gerçək siyasi varisi kimi qəbul edilən İlham Əliyevin qarşısında yüksək fəaliyyət perspektivləri, yeni siyasi-iqtisadi, mənəvi-ideoloji üfüqlər açırdı.
Azərbaycan xalqının tarixi müxtəlif səciyyəli və taleli liderlərin obrazları ilə kifayət qədər zəngindir. Ümummilli lider Heydər Əliyevə qədər neçə-neçə dövlət başçısı, ictimai-siyasi xadim yetirmiş bir xalqın XXI əsrdə də zamanın məzmunu, sürəti, enerjisi və miqyası səviyyəsində siyasi lider yaradacağı heç bir şübhə doğura bilməzdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mənsub olduğu xalqın və dünyanın gözləri qarşısında belə bir lider kimi yüksəldi, qəbul olundu.
Azərbaycan dövlətçiliyi həmin dövrdə qarşısıalınmaz bir sürətlə inkişaf edirdi. Artıq dünya da bu və ya digər dərəcədə etiraf etməyə məcbur olurdu ki, Yer üzündə, gerçəkdən, Azərbaycan adlı bir dövlət var. Bu dövlətin mövqeləri möhkəmləndikcə, mövcudluğu daimiləşdikcə onun yeritdiyi siyasətlə hesablaşmaq məcburiyyətində qalırdılar. Bu həm də tarixdə nadir hallarda təzahür edən Xalq – Lider tandeminin qarşısıalınmaz bir gücə çevrilməsinin göstəricisi idi.
Ulu öndər Heydər Əliyevin həyatının son illərində və aylarında Azərbaycan cəmiyyətini, eləcə də ölkəmizi diqqət mərkəzində saxlayan beynəlxalq dairələri dövlətə gələcəkdə kimin rəhbərlik edəcəyi, ulu öndərin hakimiyyət irsini və siyasi kursunu kimin davam etdirəcəyi ciddi düşündürürdü. İki əsrin və minilliyin qovşağında bu barədə düşünəndə hamının ağlına, birinci növbədə, ümummilli liderin yaxın məsləkdaşı və ən sadiq silahdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi İlham Əliyev gəlirdi.
Bu, yalnız İlham Əliyevin dünya miqyaslı ictimai-siyasi xadim, böyük dövlət adamı və nəhayət, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin oğlu olması ilə bağlı deyildi. Həm də ona görə idi ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq yeni tipli siyasi lider olaraq İlham Əliyev kifayət qədər böyük siyasi nüfuz qazanmışdı. Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin gənc qəhrəmanına belə bir məqamda daha geniş meydan, təbii ki, hava-su kimi lazım idi.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri





Millilik dövlət başçısı İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir

Xalq 1993-cü ildə Heydər Əliyevi yenidən özünün alternativsiz rəhbəri olaraq ali hakimiyyətə tələb edəndə nə qədər ağıllı, təkidli hərəkət etmişdisə, üçüncü minilliyin üçüncü ilində İlham Əliyevin şəxsində öz yeni Prezidentini – yeni liderini seçəndə də o səviyyədə mübarizlik və müdriklik göstərdi. Müstəqil dövlətin yenicə qurulmuş, nizamlanmış hakimiyyətinin yeni siyasi varisə ötürülməsi kimi taleyüklü bir keçid mərhələsində İlham Əliyev xalqın böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildi.
Bu taleyüklü hadisə bütün dünyaya göstərdi ki, əvvəla, Azərbaycan xalqı ümummilli liderin milli dövlət quruculuğu siyasətinin perspektivliliyinə dərindən inanır. İkincisi, İlham Əliyev ölkə daxilində və xarıci aləmdə məhz həmin siyasətin daşıyıcısı və davamçısı kimi qəbul edilir. Nəhayət, yeni liderini tarixi məsuliyyət və qətiyyətlə müəyyənləşdirən xalq gələcəkdə milli dövlət quruculuğunun qarşısına çıxa biləcək qaçılmaz problemlərin həllində yeni ölkə rəhbərinin siyasi intellektinə, uzaqgörənliyinə və iradəsinə şübhə etmir.
Müstəqilliyin ilk mərhələsində Azərbaycan xalqı dövlətçiliyin xilaskarının missiyasından lazımınca bəhrələnərək öz varlığını, Vətənin müstəqilliyini qorudu və milli dövlətini qurdu. İkinci mərhələdə isə Azərbaycan cəmiyyəti böyük zəhmətlər, ağrı-acılar bahasına yaradılmış ideoloji ənənə və dövlətçilik təcrübəsini dağılmağa, müstəqilliyi taleyin naməlum oyunları ilə üz-üzə qalmağa qoymadı.
Beləliklə, Prezident İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən və Xalq təəssübkeşliyi, Şərqin müsbət ənənələri, türk mənəvi-əxlaqi dəyərləri, Qərb və Avropa modellərinə münasib intellekt möhkəm bir özüldür. O, milli-mənəvi, ideoloji dəyərlərimizin hamısında, mədəni, elmi, etno-kulturoloji, eləcə də yaradıcılıq sahələrində irəliləyişi, mənəviyyat məsələlərinə dövlət himayəsini yalnız iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır. Ulu öndərin şəriksiz varisi kimi İlham Əliyevi müasir insanların, ziyalıların, gənc nəslin fəal surətdə dəstəkləməsi, ona böyük ümidlər bəsləməsi nəticə etibarilə göz qabağındakı praktik işlərin inikası və perspektivə güclü inamdan irəli gəlirdi.
Millilik dövlət başçısı İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Onun öz xalqının ruhuna uyğun, eləcə də Avropa və Qərb təmayüllü siyasəti Azərbaycanın əzəli milli maraqlarından mayalanır. Yeni tipli siyasətçi və yenilikçi dövlət xadimi olaraq İlham Əliyevin siyasi portretini onun söhbət açacağımız fərdi obrazının əlamətdar ştirixləri tamamlayır. Və özəllik ondadır ki, həmin cizgilərin genetik qaynaqları Azərbaycan xalqının özünüdərkində əvəzsiz rolu olmuş bir dahinin həyat və mübarizə yolunun məntiqindən irəli gələrək formalaşmışdır.
Prezident İlham Əliyev türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz sahibidir. İslam dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. Azərbaycan rəhbərinin müsəlman xalqlarına qarşı müəyyən beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur. Eyni zamanda, bugünkü Azərbaycan xalqı dünyaya açıq, müasir xarici aləmin iqtisadi, sosial-siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən, onun qlobal idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri





Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyev başçılıq edir. Ulu öndər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Azərbaycanın prezidenti cənab İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.
Görkəmli siyasi və dövlət xadimi cənab İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar siyasətçidir. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir.
Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. O, 2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.

Abbas Nağıyev- Dəli Quşçu kənd sakini, Ağsaqqal



Ölkənin gələcək rifahını təmin edən addımlar

Prezidentimiz cənab İlham Əliyev müəllifi Ümummilli lider Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır. 1994-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti və birinci vitse-prezidenti olmuşdur.
Cənab İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana maliyə dəstəyi göstərmişlər.

Elvun Xəlilov- Əlvənd kənd tam orta məktəbin direktoru



Prezident İlham Əliyevin liderlik fenomeni

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən cənab İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının lideridir. Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının I qurultayında partiya sədrinin müavini, II qurultayında isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn cənab İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində Yeni Azərbaycan Partiyasının seçki kampaniyasına cənab İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş cənab İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa qətiyyətlə və cəsarətlə xidmət etmək nümunəsidir. Onun AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərmişdir. Məhz cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Qarabağ haqqında, qondarma “Dağlıq Qarabağ problemi” barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri var. Avropa Şurasındakı fəaliyyəti, AŞPA-dakı obyektiv və konstruktiv çıxışları İlham Əliyevə qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazanmışdır. O, AŞPA-nın vitse-spikeri və Büro üzvü seçilmişdir .

Alim Qasımov-Çallı kənd tam orta məktəbin tarix müəllimi



Gənclər siyasəti

Cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan cənab İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində, Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar cənab İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir.
Cənab İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.
Prezidentimiz cənab lham Əliyev 19 oktyabr 2006-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında Sərəncam imzaladı və buna uyğun olaraq Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramını təstiq etdi.

Səlim Zeynalov- Dəkkəoba kənd tam orta məktəbin direktoru



Davamlı inkişaf və uğurların təməlində duran siyasi peşəkarlıq.

Hər kəsə məlumdur ki, son illər Azərbaycan tam müstəqil siyasət yürüdərək öz siyasi dəsti-xətti, dövlətçilik ənənəsi və özünəməxsus milli inkişaf modeli yaradan bir dövlət kimi dünyada və regionda böyük nüfuz qazanmış və böyük uğurlara imza atmışdır.
Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə qurduğu geniş əlaqələr nəticəsində ölkəmiz dünya birliyində öz mövqeyini daha da möhkəmləndirmişdir. Son illərdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində respublikamız sürətlə inkişaf edən dövlətlərdən biri kimi tanınmağa başlamışdır.
Bütün bu nəticələrin əldə edilməsində ölkə başçısı, prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, dövlət maraqlarına söykənən daxili və xarici siyasəti dayanır. Onun həyata keçirdiyi siyasi kursun əsasını müstəqilliyimizin möhkəmləndirilməsi, vətəndaş həmrəyliyinin və milli maraqların qorunması təşkil edir. Dövlət başçısının uğurlu diplomatiyası nəticəsində Azərbaycan bölgədə və dünyada öz layiqli yerini tutmuş, regional liderliyini təmin etmiş, bir çox uğurlu iqtisadi və mədəni layihələrdə təmsil olunmuşdur. Nəhəng infrastruktur layihələr həyata keçirilmiş, nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etmişdir.
Bütün bu iqtisadi yüksəliş, dövlətimizin sahib olduğu iqtisadi qüdrət Ali Baş Komandanın rəhbərliyi altında ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin böyük əzm və qətiyyətlə həll olunmasına təkan verdi. Son 18 ildə əsasları daha da möhkəmlənən dövlətçiliyin, böyük inkişafa qədəm qoyan iqtisadiyyatın, yenidən qurularaq daha da qüvvətlənən ordunun sayəsində düşmən üzərində qələbə tez bir zamanda reallaşdı. Azərbaycan bir daha özünü qüdrətli dövlət kimi təsdiqlədi.
Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin gərgin və yorulmaz fəaliyyəti, sarsılmaz iradəsi nəticəsində mümkün oldu.
Bu gün də dövlət başçısı ölkənin perspektiv inkişafı üçün qarşıda duran hədəfləri inamla gerçəkləşdirir, Azərbaycanı ən müasir və inkişaf etmiş dövlətə çevirmək üçün əzmlə, yorulmadan və qətiyyətlə çalışır.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini



Müasir dövrün yeni lideri

Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ən öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Bu gün əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sosial dövlət modelini uğurla tətbiq edən ölkələr sırasındadır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi olaraq, Azərbaycan sabitlik adası və inkişaf məkanı kimi tanınır. Ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Şübhəsiz ki, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Regionların inkişafı, durmadan aparılan abadlıq və yenidənqurma işləri, təhsil sistemindəki islahatların uğurlu nəticələri, neft bazarındakı üstün mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi, turizmin və idmanın inkişafı Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə böyük siyasi və dövlət xadiminə çevirir.
Beləliklə, ölkəmizdə əldə olunmuş böyük uğurların təməlində Prezident İlham Əliyevin mütərəqqi yolu dayanır. Cənab İlham Əliyevin hakimiyyəti dövründə həyata keçirdiyi son dərəcədə müdrik, uzaqgörən, balanslaşdırılmış siyasət nəticəsində işğalçı Ermənistanın, mənfur düşmənin bu illər ərzində sinsi-sinsi həyata keçirdikləri təcavüzkar, məkrli planları alt-üst oldu. Bu baxımdan, İlham Əliyevin Qalib Sərkərdəlik fenomeni də həmin tarixdən başlanıldı. Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaqdı və bu tarix – işğaldan azad olunma tarixinin başlanğıc nöqtəsi 2020-ci il, 27 sentyabr tarixi oldu.
Hər zaman verdiyi vədə sadiq qalan dövlət başçımız, bu dəfə də vədinə əməl etdi, düşmən caynağından azad edilən torpaqlarımıza Qalib, Müzəffər Sərkərdə kimi qədəm qoydu
44 günlük zəfər yürüşündə döyüşlərin aparılması, taktikaların və strategiyaların müəyyən edilməsi, ordu birləşmələrinin hərəkət trayektoriyaları, əməliyyatların hazırlanması və s. tərtibi planlar birbaşa Ali Baş Komandan cənab İlham Əliyevin nəzarəti altında işlənilir və həyata keçirilirdi. O, Ordunun başında dayanan Sərkərdə olaraq düşmənə vurulan ağır, sarsıdıcı zərbələrin hər birində mühüm missiyasını həyata keçirməklə yanaşı, həm də diplomatik fəaliyyətini davam etdirdi, o cümlədən, dünyanın aparıcı nüfuzlu media qurumlarına Azərbaycanın apardığı haqq-ədalət işini çatdırdı. Bütün bu kimi ağır, məsuliyyətli işlərin, siyasətin öhdəsindən isə yalnız qətiyyətli, dəmir iradəli lider, gələ bilərdi.
İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi!

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA