mumtv.az
mumtv.az

Bakıda polis polkovnikinin qətli ilə bağlı ilginc detallar: - Xüsusi amansızlıq, kuryer, hakim qohumu olan qadın...

Bakıda polis polkovnikinin qətli ilə bağlı ilginc detallar: - Xüsusi amansızlıq, kuryer, hakim qohumu olan qadın...
22-03-2021, 18:00 104 dəfə baxılıb

Bakıda polis polkovnikinin qətli ilə bağlı ilginc detallar:
Bakının Nərimanov rayonunda baş verən səs-küylü qətl hadisəsi ilə bağlı məhkəmə araşdırması başlayır. Öldürülən şəxs polkovnikdir.
MUMtv.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham edilən Elmar Hüseynovun məhkəməsi başlayıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, Elmar Hüseynov ali təhsilli və ailəlidir. Bir qız övladı olan Elmar Hüseynov ilk dəfədir məhkumluq həyatı yaşayır. Hadisə baş verənə qədər kuryer şirkətlərindən birində kuryer kimi çalışıb.

İttihama görə, qətl hadisəsi ötən il sentyabrın 24-də Nərimanov rayonu ərazisində baş verib.

1948-ci il təvəllüdlü Tahir Tağıyev yaşadığı evdə qətlə yetirilib. Hadisəni törətməkdə təqsirli bilinən Elmar Hüseynov müəyyən olunaraq saxlanılıb.

Qətlə yetirilən Tahir Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub.

Tahir Tağıyev polis polkovniki olub və bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

İstintaq araşdırması zamanı məlum olub ki, Tahir Tağıyev hadisə zamanı evində tək olub. Qətli törədən şəxs evə daxil olaraq, ona kəsici-deşici alətlərlə qol, boyun və kürək nahiyələrindən çoxsaylı xəsarət yetirməklə öldürüb.

Xatırladaq ki, qətlə yetirilən Tahir Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadənin qaynıdır.

Yunis İldırımzadə fəaliyyəti dayandırılan "Amrahbank" ASC-nin İdarə Heyətinin sədri olub.

İstintaq orqanı tərəfindən Elmar Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qətl hadisəsinin tamah niyyəti ilə törədildiyi bildirilir.

Yaxınlarının Musavat.com-a verdiyi məlumata görə, Elmar Hüseynov mənzildə külli miqdarda pul olduğunu bildiyi üçün oraya gəlib. Lakin qətl hadisəsi baş verdikdən sonra oradan qaçıb.

Əldə etdiyimiz digər məlumata görə, qətl hadisəsi ilə bağlı istintaq zamanı bir xanım da saxlanılıb. Onun Elmar Hüseynova mənzildə pul olması ilə bağlı məlumat verdiyi bildirilir. Lakin sonradan həmin qadın azadlığa buraxılıb.

Azadlığa buraxılan qadın Nərimanov Rayon Məhkəməsinin hakimlərindən birinin qohumudur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA