mumtv.az
mumtv.az

Məktəblər BAĞLANACAQMI? - “Artıq şagirdlər psixoloji gərginlik içərisindədirlər”

Məktəblər BAĞLANACAQMI? - “Artıq şagirdlər psixoloji gərginlik içərisindədirlər”
20-03-2021, 12:52 64 dəfə baxılıb

Məktəblər BAĞLANACAQMI?
Fevral ayının 1-dən mərhələli şəkildə məktəb və bəzi ali təhsil müəssisələrində ənənəvi təhsil bərpa olunsa da, artıq eyni proses əksinə cərəyan edir. Belə ki, artıq bəzi məktəblər yenidən distant təhsilə keçid edib. Səbəbi də məlum olduğu kimi - yenidən yoluxma sayının artmasıdır.

Ötən ilin mart ayından kütləvi distant təhsilə keçid edən ölkədə hələ də təhsil müəssisələrində virusdan qorunmağın yolları tapılmayıb. Müəyyən şərtlər daxilində ənənəvi təhsil bərpa edilsə də, qısa zamanda bir çox məktəbdə həm müəllim kollektivində, həm də şagirdlərdə virus aşkarlanıb. Məlumat üçün bildirək ki, ənənəvi təhsilə keçid edən məktəblərdə və bəzi ali təhsil müəssisələrində sosial məsafə qaydaları, partalararası məsafə gözlənilir və hər gün müəssisəyə daxil olan vətəndaşların hərarəti ölçülür.

AYNA "Ötən aylara nisbətən niyə azyaşlıların yoluxma halları çoxalıb? Daim distant və ənənəvi təhsil dilemmasında qalan məktəblilərin psixologiyasında, təhsildə nəticələrində fərq varmı?” sualları ətrafında mütəxəssislərlə həmsöhbət olub.

Həkim-terapevt Rasif Bağırovun sözlərinə görə, ötən illə müqayisədə hazırda virusun yayılma tendensiyası çox fərqlidir: "Bütün dünyada olduğu kimi hazırda bizdə də koronavirusun mutasiya prosesi gedir. Həmin sözügedən yeni mutasiyalar isə uşaqlara təsir etmək gücünə malikdir. Əvvəl demək olar ki, azyaşlıların yoluxmasına, ümumiyyətlə rast gəlinmirdi. Çünki əvvəlki ştammın uşaqlara, məktəblilərə təsiri çox az idi. Ən birinci yayılan virusun ştammı əsasən böyüklərdə müşahidə edilirdi. İndiki isə azyaşlılara da təsir edir. Azyaşlılar arasında yayılma halları da həm çoxdur, həm də sürətlidir”.

"Hazırda məktəblərdə azyaşlıların yoluxma hallarının çox olması cəmiyyətdə bir növ qorxuya səbəb olsa da, bunbilmək lazımdır ki, azyaşlılar bu prosesi daha rahat keçirirlər. Lakin azyaşlılarda virusun gedişatı, sağalma tendensiyası böyüklərlə müqayisədə ağır olmur. Hətta, deyərdim ki, azyaşlılar bu prosesi yüngül keçirirlər”, - deyə Bağırov bildirib.

Təhsil eksperti Elçin Əfəndi öncə ictimai nəqliyyata diqqət çəkib: "Bu problem azyaşlılar üçün də yoluxma riski yaradır. Son günlər çox təəssüflər olsun ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinin məlumatları əsasında biz müşahidə edirik ki, istər Bakı şəhərində, istərsə də respublikanın digər şəhər və rayonlarında yoluxma halları qeydə alınır. Bu da təəssüflər olsun ki, 14 gün müddətində məktəblərin karantinə alınması ilə nəticələnir. Yoluxma əsasən sərnişin daşıyan nəqliyyat vasitələrində olan sıxlıqla bağlıdır. Bildiyiniz kimi, şagirdlər də, böyüklər də eyni nəqliyyat vasitələrindən istifadə edirlər və onlar təbii ki, həmin nəqliyyat vasitələrində yoluxurlar”.

"Şagirdlərdən yuxarı yaş kateqoriyasına nəzər yetirsək, görürük ki böyüklər ictimai nəqliyyatda, avtobuslarda yoluxurlarsa, onu evdə övladlarına da yoluxdururlarsa, bu, sabah məktəblərdə müəllim və şagirdlərin də yoluxması ilə nəticələnir. Buna qarşı olaraq da yoluxma olan məktəblərdə 14 günlük karantin elan edilir. 14 gündən sonra isə dərslər yenidən ənənəvi üsulla bərpa olunur. Biz bunu 182 saylı məktəbin bağlanıb, yenidən açılmasında müşahidə etdik”, - deyə müsahibimiz vurğulayıb.

Ekspertin sözlərinə görə, təhsilin bir neçə forması arasında qalan uşaqlarda artıq psixoloji gərginliklər müşahidə edilir: "Ümumi götürsək, artıq şagirdlər psixoloji gərginlik içərisindədirlər. Onlar ziddiyyətli bir təhsil sisteminin içərisindədirlər. Dərslər tamamilə fərqli sistemlərlə keçirilir: bir gün dərslər distant formada, bir gün ənənəvi formada, başqa bir gün isə hibrid formada keçirilir. Təbii ki, bu hallar şagirdlərin bilik və bacarıqlarının inkişafına əngəl törədir. Həmçinin onların psixoloji durumunu da çətin vəziyyətə salır. Biz götürsək şagirdlərin ümumi nəticələrini, bu zaman demək olar ki, 2020 və 2021-ci ilin nəticələri ürəkaçan deyil. Biz bunu hazırda 1, 2, 3, 4-cü siniflərdə təhsil alan şagirdlərin bir neçə ildən sonra ümumi vəziyyətlərinə baxsaq, nəticələr heç də ürəkaçan olmayacaq. Bu da təhsilimiz üçün böyük bəladır”.

E.Əfəndi məktəblərdəki vaksinasiya prosesinə də toxunub: "Artıq məktəblərdə, ümumiyyətlə təhsilə bağlı şəxslərin vaksinasiya prosesi başlayıb. Müəllim heyətinin çoxu da vaksinasiyadan keçirilib. Lakin bunun qarşılığında da "filan məktəbdə yoluxma sayı artdı” tipli xəbərlər, sözün açığı, tərəddüd ediləcək məqamlara yol açır. İnsanlarda "peyvənd olunanlar da virusa yoluxur” düşüncəsi yaranır. Bu aralar mövsümi qriplər də çoxalıb. Təəssüflər olsun ki, qriplə bağlı verilən testlərin nəticələri də virusla üst-üstə düşür. Bu da insanlarda çaşqınlıq yaradır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA