mumtv.az
mumtv.az

“Bir sıra partiyalar YAP-a qoşulmağın ən düzgün siyasi yol olduğu qənaətinə gəldilər” - Zərdab rayon idarə və siyasi partiya təmsilçilərinin açıqlamaları

“Bir sıra partiyalar YAP-a qoşulmağın ən düzgün siyasi yol olduğu qənaətinə gəldilər” - Zərdab rayon idarə və siyasi partiya təmsilçilərinin açıqlamaları
8-03-2021, 09:15 48 dəfə baxılıb

"Bir sıra partiyalar YAP-a qoşulmağın ən düzgün siyasi yol olduğu qənaətinə gəldilər” - Zərdab rayon idarə və siyasi partiya təmsilçilərinin açıqlamaları


Müasir, müstəqil Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılması təşkil edir. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında formalaşmış və yarandığı vaxtdan fəaliyyətinin əsas istiqamətləri dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsi, azərbaycançılıq ideologiyasının təbliği olan partiyanın fəaliyyətində qısa müddət ərzində çox böyük uğurlara imza atılmışdır. Bu uğurların nəticəsidir ki, partiyanın sıraları günü gündən artır, fəaliyyəti genişlənir. 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasının sıralarına qoşulması, əldə olunmuş uğurların məntiqi nəticəsi olaraq, iqtidar Partiyasına olan inam və etibarın göstəricisidir. Bu uğurların davamı olaraq fəaliyyətini yüksək səviyyədə davam etdirən Yeni Azərbaycan Partıyası gələcək dövrlərdə də inkişaf etməklə, yeni zirvələr fəth edəcək, ölkəmizin inkişafına öz töhfəsini verəcəkdir.

İlkin Əliyev- Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi

Yeni Azərbaycan Partiyası ölkəmizdə tərəqqiyə xidmət edən milli 
məqsədlərin həyata keçirilməsində böyük xidmətlər göstərib

Ötən dövr ərzində uğurlu inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası ölkəmizdə müsbət irəliləyişlərə nail olunmasında, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin həyata keçirilməsində böyük xidmətlər göstərib. Öz fəaliyyəti ilə ölkəmizin inkişafına xidmət edən Yeni Azərbaycan Partiyasının ən böyük uğurlarımızda imzası var. Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi böyük tarixi nailiyyətdir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi, siyasi və diplomatik sahələrdə uğurlu fəaliyyətin həyata keçirilməsi, xalq-iqtidar-ordu birliyi şanlı qələbəmizi təmin etdi. Ərazi bütövlüyümüzün bərpa olunması, tarixi torpaqlarımızda üçrəngli bayrağımızın ucalması ölkəmizin bu tarixi Qələbədən sonra daha da möhkəmlənəcəyinə, inkişaf edəcəyinə zəmin yaradır.

Ələkbər Kərimov- Zərdab Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi


Milli birliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar

44 günlük Vətən müharibəsində biz tək torpaqlarımızı qazanmadıq, eyni zamanda cəsurluğumuzu, qüdrətimizi, həmrəyliyimizi, siyasi əqidə birliyimizi bütün dünyaya nümayiş etdirdik. Bu milli birliklə Azərbaycan xalqı haqlı savaşında hərbi qələbəsini təmin etdi.
Son illər ölkəmizdə milli maraqlar üzərində qurulan siyasət, ölkədə fəaliyyət göstərən siyasi partiyaların ümumdövlət məsələlərində vahid mövqe nümayiş etdirməsi, sağlam iqtidar-müxalifət dialoqunun qurulması bütün dünyaya milli həmrəyliyimizin möhkəm əsasları olduğunu bir daha nümayiş etdirdi.
Cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, onun səsləndirdiyi "Biz birlikdə güclüyük” şüarı Vətən müharibəsi zamanı qələbənin qazanılmasında mühüm rol oynadı.
Ermənistan silahlı qüvvələrinin təxribatı ilə əlaqədar ölkədə fəaliyyət göstərən 50 siyasi partiya Prezidentin, Ali Baş Komandanın ətrafında birləşməsi və birgə dəstək bəyanatı imzalanması ilə son 32 ildə ilk dəfə olaraq yüksək siyasi həmrəylik, milli birlik nümayiş etdirilmişdir. Xüsusilə vurğulamaq istərdim ki, Vətən müharibəsi dövründə hərbi, siyasi-diplomatik sahədə olduğu kimi, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev informasiya mübarizəsi sahəsində də qətiyyət, prinsipiallıq, siyasi iradə, mədəniyyət nümunəsini göstərdi.

Cavid Məmmədov – fəal gənc

Yeni Azərbaycan Partiyası qısa müddətdə böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilib

Bu gün  Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Bunun əsas səbəbi Yeni Azərbaycan Partiyasının sıralarında əqidəli, məsləkli, insanların birləşməsidir. 
Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası  bu gün möhtərəm  Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. Yeni Azərbaycan Partiyası qısa müddətdə böyük rəğbət qazanaraq əsl xalq partiyasına çevrilib.
Azərbaycanın aparıcı siyasi qüvvəsi olan, milli maraqların müdafiəsi və təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası öz  qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir. Yeni Azərbaycan Partiyası  xalqın  partiyasıdır və  bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə , tərəqqisinə öz töhfəsini əsirgəmir. 
44 günlük  Vətən müharibəsi dövründə siyasi partiyalar  yüksək səviyyədə vəhdət  nümayiş etdirdilər: Məhz  bu birliyin nəticəsidir ki, bir çox siyasi partiyalar Yeni Azərbaycan Partiyasına  birləşmə ilə bağlı  qərar qəbul etdilər. Bu addım xalq tərəfindən çox böyük rəğbətlə qarşılandı. Möhtərəm prezidentimizin  rəhbərliyi  ilə Vətən müharibəsində bütün dünyanı heyrətləndirdiyimiz kimi ölkəmizdə siyasi sahədə atılan bu addımların da  uğurla başa çatacağından əminik.
Çünki Ümummilli  liderimiz  Heydər Əliyevin yaratdığı, təşkilatlandırdığı, qurduğu Yeni Azərbaycan Partiyası Ulu öndərimizin müdrik dövlətçilik kursunun ən layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyatımızın bütün   sahələrində böyük uğur və nailiyyətlər qazanır.  

Vəfa Bayramova - Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin direktoru 


Tarix özü YAP-ın ümumxalq partiyası olduğunu sübuta yetirdi

Yeni Azərbaycan Partiyası yarandığı gündən onun ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla həyata keçirilən əsas proqramı Azərbaycanda dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü sosial yönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub.  Məhz buna görə də ümumxalq partiyası olan, Yeni  Azərbaycan Partiyası ölkəmizin  və  regionun  ən aparıcı siyasi qüvvəsinə çevrilib.
Tarix özü YAP-ın ümumxalq partiyası olduğunu sübuta yetirdi. Ötən müddət ərzində partiyamız dövlətimiz və cəmiyyətimizin inkişafına misilsiz, layiqli töhfələr verdi, vətənpərvər, ziyalı insanları öz ətrafına sıx birləşdirdi.
Bu gün xalqın partiyası olan YAP Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında gündən günə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrlik etdiyi YAP ötən zaman kəsiyində xalqın inam və etimadı əsasında bütün seçkilərdə möhtəşəm qələbə qazandı, öz fəaliyyətini uğurla davam etdirdi. Bu xalqımızın Yeni Azərbaycan Partiyasına dərin rəğbət və hörmətinin bariz nümunəsidir.
                              
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


Yeni Azərbaycan Partiyasının qurultayı cəmiyyətdə
milli həmrəylik baxımından öz töhfəsini verə bilər

Bütün ölkələrdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan hakim Yeni Azərbaycan Partiyasının 6-cı qurultayı təbii olaraq mətbuat və ictimaiyyətin diqqət mərkəzindədir.
Vətən savaşındakı qələbə və ölkədə aparılan islahatlar fonunda YAP-ın ali forumunun keçirilməsi ölkənin gələcək inkişafı baxımından da önəmli hadisədir.
44 günlük Vətən müharibəsi dönəmində milli birlik modeli uğurla həyata keçirildi. Bu baxımdan, YAP qurultayı da cəmiyyətdə milli həmrəylik baxımından öz töhfəsini verə bilər. Belə gözləntilər var idi və bu gözləntilər özünü doğrultdu. Belə ki, YAP qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bununla ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsası qoyulmuş oldu. Əslində, siyasi partiyaların  birləşmək istiqamətindəki addımları ölkədəki dialoq mühitinin formalaşmasına da yardımçı olacaq. Nəzərə alaq ki, 44 günlük Vətən müharibəsi zamanında da ölkənin əksər siyasi təşkilatları vahid hədəf uğrunda birlikdə mübarizə apardıqlarını nümayiş etdirdilər. Ölkənin ən müxtəlif spektrini əhatə edən 6 siyasi partiyanın vahid platforma ətrafında vahid təşkilatda birləşməsi Azərbaycanda siyasi dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru 

6 siyasi partiyanın YAP-a qoşulması həmrəyliyin, partiyanın barışıq nümunəsinə çevrilməsinin əyani sübutudur

Yeni Azərbaycan Partiyasının qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın hakim Yeni Azərbaycan Partiyasına qoşulmasına dair qərar qəbul edildi. Azərbaycanda ilk dəfədir ki, bu sayda siyasi partiya həmrəylik nümayiş etdirərək digər güclü siyasi təşkilata birləşir. Bundan əvvəlki dövrün siyasi proseslərində bu cür yadda qalan hadisəyə, 6 partiyanın başqa bir partiyaya qoşulmasına rast gəlinməyib. Əksinə, özünü güclü sayan bəzi partiyalar olub ki, zaman-zaman qopmalarla yadda qalıblar.
Ümummilli lider Heydər Əliyevin yaratdığı hakim partiya tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə təşəkkül tapıb. Bu gün Cənubi Qafqazda ən böyük siyasi təşkilat olan YAP-a bir sıra partiyaların qoşulması digər siyasi təşkilatların tarixi təcrübəyə malik partiya ilə birgə addımlamaq istəyindən qaynaqlanır.
Bu gün digər sahələrdə olduğu kimi, siyasi müstəvidə də davamlı islahat vacibdir, bunun üçün siyasi partiyaların dialoqu, ümummilli məsələlərdə birgə fəaliyyəti, həmrəyliyi mühüm əhəmiyyətə malikdir. Ümumilikdə isə deyə bilərik ki, altı siyasi partiyanın YAP-a qoşulması həmrəyliyin, partiyanın barışıq nümunəsinə çevrilməsinin əyani sübutudur.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri  


Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır

Siyasətdə sağlam münasibətlərin dəstəklənməsi, ölkəmizdəki dialoq mühiti siyasətdə yeni tərəqqiyə səbəb olub. Bu da Yeni Azərbaycan Partiyasının davamlı olaraq müxtəlif təşəbbüslərlə çıxış etməsinə imkan yaratdı. YAP-ın sədri cənab Prezident İlham Əliyevin ölkənin yeni siyasi konfiqurasiyasının formalaşması siyasətində "sağlam dialoq” məfhumu xüsusi yer tutur. Təqdirəlayiq haldır ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti həmin dialoqun fəal iştirakçılarıdır. Etiraf olunmalıdır ki, siyasi münasibətlərdə dialoq mühitinin yaşanması konkret ölkənin demokratik ənənələrinin formalaşmasına zəmin yaradır. Yeni siyasi reallıqlar fonunda isə ümumxalq partiyası məhz YAP-dır. Bu səbəbdən də xalqın böyük əksəriyyətinin dəstək verdiyi YAP digər siyasi partiyalar üçün cəlbedici siyasi mərkəzə çevrilməkdədir. YAP-a birləşən və belə bir planı olan siyasi partiyaların məqsədi, amalı daha güclü Azərbaycan qurmaqdırsa, bu yolda onlar perspektiv fəaliyyətlərini YAP-la birgə görürlər. Ölkədə fəaliyyətdə olan bir çox siyasi partiyaların YAP-la birgə fəaliyyət göstərmək istəyi sözün əsl mənasında iqtidar partiyasının xalqın partiyası olmasını sübut edir Azərbaycan cəmiyyətində hakim partiyaya olan müsbət münasibət dəyişməz olaraq qalır. YAP-a digər 6 siyasi partiyanın qoşulması isə siyasi həmrəyliyin, həmçinin YAP-ın barışıq nümunəsinə çevrilməsinin göstəricisidir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

Siyasi partiyaların YAP-a qoşulmaq istəyi YAP-ın 
sözün əsl mənasında xalq partiyası olduğunu sübut edir

5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Bu gün Azərbaycanda fəaliyyətdə olan bir çox partiyaların YAP-la birləşmək istəyi qurultayda diqqət çəkən ən mühüm məqamlardan biri oldu. Qurultayda 6 siyasi partiyanın-Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası Azərbaycan Yurddaş Partiyası, Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Sahibkarlar Partiyalarının hakim Yeni Azərbaycan Partiyasına qoşulmasına dair qarar qəbul edildi.
Azərbaycan tarixində belə bir hadisə-6 siyasi partiyanın həmrəylik göstərərək digər daha güclü siyasi təşkilata birləşmək istəyi ilk dəfə baş verirdi. Burada ona da diqqət yetirmək lazımdır ki, Yeni Azərbaycan Partiyasına qoşulan 6 partiyadan 3-ü sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin geniş miqyaslı təxribatı ilə bağlı birgə bəyanatı imzalamış 50 partiyanın sırasında olmuşdur. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə, iqtidarın xarici siyasətdəki addımları bir sıra partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatdıqlarının göstəricisidir. Eyni məqsəd, eyni hədəf uğrunda mübarizə aparan təşkilatların vahid partiyada birləşməsi fəaliyyət göstərməsi normal prosesdir.
Hakim partiyaya Azərbaycan cəmiyyətində olan müsbət münasibət dəyişməz olaraq qalır, digər təşkilatların partiyaya qoşulması siyasi həmrəyliyin, həmçinin YAP-ın barışıq nümunəsinə çevrilməsinin göstəricisidir. İqtidara qarşı olan müsbət ictimai rəy, YAP-ın sözün əsl mənasında xalq partiyası olduğunu bir daha sübut etdi.

Səliqə İsmayılova – təhsil işçisi


Ölkəmizdə demokratik ənənələr inkişaf edir

Martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı nəinki bu günün və gələcəyin hakim partiyasının, ümumən respublikamızın həyatında mühüm tarixi hadisə oldu. Qurultayda Azərbaycan Xalq Demokratik, Kəndli, Milli Qurtuluş, Yurddaş, Milli Hərəkat və Demokrat Sahibkarlar partiyalarının YAP-a qoşulmasına dair qərar qəbul edildi. 
YAP-ın ümumxalq partiyası olduğunu, milli həmrəyliyin yeni inkişaf mərhələsini təcəssüm etdirən bu qoşulma ölkəmizdə dialoq mühitini dərinləşdirəcək, demokratik ənənələri şaxələndirəcək, hakim partiyanı daha da gücləndirəcək, insanların maraqlarının müdafiəsində yeni imkanlar yaradacaq.
Bu qoşulma Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasətinin, Vətən müharibəsində qazanılmış Qələbəmizin yaratdığı milli birliyin təntənəsidir. Məhdud resursları olan bu 6 partiyanın ən qüvvətli siyasi partiyaya qoşulması ilə həm də ölkədə yeni siyasi mənzərə yaranacaq, cəmiyyətdə iqtidar partiyasına etibar və inam daha da artacaq.  
Ayrıca qeyd edilməlidir ki, ölkəmizdə siyasi partiyaların ləğv edilmədən sayının azalması ilə siyasi proseslərə təsir etmək gücündə olan digər partiyalara da daha əlverişli şərait yaranacaq.
Bu qoşulmanın səbəblərindən danışarkən bir amili də mütləq nəzərə almalıyıq. Axı, bir sıra siyasi partiyalar proqramlarında Azərbaycanın ərazi bütövlüyünə nail olmağı və "Turançılıq” ideologiyasını başlıca məqsəd kimi qarşıya qoymuşdular. Məhz 44 günlük Vətən müharibəsindəki Zəfərimiz və Azərbaycan-Türkiyə münasibətlərinin doğma qardaşlıq münasibətinə çevrilməsi ilə bir sıra partiyalar əsas məqsədlərinə çatdılar və YAP-a qoşulmağın ən düzgün siyasi yol olduğu qənaətinə gəldilər. 

İsaməddin Əhmədov – "Əkinçi” qəzetinin redaktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA