mumtv.az
mumtv.az

“1-2 milyona mülk tikdirirlər, amma 35 manat verib detektor quraşdırmağa xəsislik edirlər” - PROBLEM

“1-2 milyona mülk tikdirirlər, amma 35 manat verib detektor quraşdırmağa xəsislik edirlər” - PROBLEM
27-01-2021, 16:29 73 dəfə baxılıb



Yanvarın 27-də axşam saatlarında Abşeron rayonunun Xırdalan şəhərində qaz sızmasından evdə partlayış baş verib. Nəticədə bir ailənin 2 üzvü həlak olub.

Azərbaycanda binalarda təhlükəsizlik necə qorunur? Qaz sızmaları və digər bu kimi hadisələrin qarşısını necə almaq olar?

Azad İstehlakçılar Birliyinin eksperti, qaz təsərrüfatı üzrə mütəxəssis Nüsrət Qasımov fikirlərini bildirib: "Qaz partlayışı əsasən istehlakçıların səhlənkarlığı səbəbindən olur. Qazdan təhlükəsiz istifadə qaydalarında yazılıb ki, daxili qaz kəmərlərində hər hansı qanun pozuntusu olursa, buna bilavasitə ev sahibi məsuliyyət daşıyır. Əgər onlar evə detektor deyilən cihazı quraşdırsaydılar, belə hallar da olmazdı. Çünki detektor elə bir cihazdır ki, onun həm ekranı, həm də klapanı var. Klapan çöldə quraşdırılır, sayğacdan qabaqda, ekran da binanın içərisində yerləşdirilir. Qaz sızması olanda qazın molekulları ekrana dəyən kimi ekran səs siqnalı verir, təhlükənin olduğunu bildirir. Sonra elektromaqnit dalğalarını göndərir, çöldə sayğacdan əvvəl klapan avtomatik qazın yolunu bağlayır. Bütün xarici ölkələrdə binalarda bu cihaz məcburi olaraq tətbiq edilir. Amma bizdə məcburi deyil, abonentlərin istəyi ilə həyata keçirilir. Adını çəkdiyim cihaz elə də bahalı deyil, cəmi 35 manat civarındadır. Təəssüf ki, heç kim almır. İndi çoxlu sayda kooperativ, çoxmərtəbəli evlər tikirlər. Məsələn, mənim yaşadığım binaya həmin cihazın klapanını qoyublar, ancaq ekran qoyulmayıb. Bütün binada belədir. Gözdən pərdə asmaq üçün ediblər ki, komissiya gəlib baxacaq. Onlar da ekrana fikir vermir. Dövlət komissiyası gərək belə halları qəbul eləməsin. Çox təəssüf ki, belə yollarla aldadırlar, binalar istismara təhvil verilir. Əgər ekran yoxdursa, o klapan nəyə lazımdır. Mənzili satan zaman həmin o klapanı qoymaqla abonentdən detektrin pulunu da alırlar. Belə çıxır ki, həm abonentləri, həm komissiyanı, həm də özlərini aldadırlar”.

Ekspert onu da qeyd edib ki, bu cür hadisələrdən heç kim sığortalanmayıb: "Əgər bir evin ümumi həcminin 4. 5 faizə qədər ərazisinə qaz sızırsa, burada partlayış təhlükəsi labüddür. Bu zaman partlayışın zərbə qüvvəsi hər kvadrat metrə 400 tona çatır. Dörd gözlü plitənin üstünə qazan, qəhvədan qoyurlar, yaddan çıxarırlar, su qaynayır, qazın üstünə daşıb, tökülür, sonra da qaz binaya yığılır və partlayış törədir. İndi bilmirəm Xırdalandakı hadisə kimin səhlənkarlığı ucbatından baş verib. Hər halda, bu, səhlənkarlığın nəticəsi də ola bilər. Əgər detektor quraşdırılmış olsaydı, qaz sızması olan zaman detektor siqnal salıb, xəbər verərdi. Qazın yolunu da avtomatik bağlayardı. Bizdə 1-2 milyon verib mülk tikdirirlər, amma 35 manat verib detektor quraşdırmağa xəsislik edirlər. Mal, dövlət, ailə, uşaq 35 manatdan dəyərsizdir?! Bir halda ki, insanlar buna riayət etmirlər, bu icbari şəkildə olmalıdır. Abonent qazı rezin boru ilə qoşubsa, qazı yanılı qoyub yatırsa, onların təqsirindın sızma olubsa, məsuliyyətə cəlb olunmalıdır. Cəzalanma olmalıdır ki, öz məsuliyyətlərini dərk etsinlər. ”Azəriqaz"ın 2 milyon 325 min abonenti var, hər kəsin evində keşikçi qoya bilməz axı?!"

N.Qasımov dəm qazından boğulmalardan da danışıb: "Demək olar ki, hər gün dəm qazından boğulmalar olur. Nə qədər demək olar, hamam otağında xəstələrin, qocaların, uşaqların təkbaşına yuyunmasına imkan verməyin. Nə qədər demək olar ki, hamam otağının ölçüsü 7.5 kub metr olmalı, hündürlüyü 2 metr 20 santimetr olmalıdır. Qapı bayıra açılmalıdır. Qapının aşağısında deşiklər olmalıdır. Hamam otağına 1 kub metr qaz yananda 9.5 kub metr hava lazımdır. Hava çatışmayanda yanma prosesi pozulur. Pozulma nəticəsində də karbon 4 oksid əvəzinə karbon monoksid əmələ gəlir. Karbon monoksid də konsentrasiyadan asılı olaraq 7 dəqiqədın 30 dəqiqəyədək insan həyatına son qoyur. Tüstü bacaları təmizlənməlidir. Ventilasiya kanalı olmalıdır. Pəncərə gözlüyü olmalıdır. 30-40 ildir tüstü-bacalar təmizlənmir”.

Mövzu ilə bağlı FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva da "Yeni Müsavat”a münasibət bildirib: "Bu məsələ ”Azəriqaz" İB-in səlahiyyətindədir. Bu partlayışın səbəbi hələ dəqiqləşməyib. Hələ araşdırma aparılır. Bilinmir ki, nə səbəbdən baş verib. Ona görə hələ müzakirə etmək düzgün olmaz".

Xırdalanda baş verən hadisə ilə bağlı "Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərovdan da münasibət öyrəndik: "Partlayış baş verdikdən sonra ”Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları da həmin yerə baş çəkiblər. İlkin olaraq müəyyən araşdırmalar aparılıb. Belə nəticəyə gəldik ki, həmin əraziyə birliyimizin balansında olan hər hansı bir yeraltı qaz xətti keçmir. Fərdi yaşayış evinin içərisində baş verən hadisə ilə bağlı isə yəqin ki, müvafiq qurumlar araşdırma aparıb, öz nəticələri barədə məlumat verəcəklər. Ümumiyyətlə, təkcə bu hadisə yox, belə hallarla bağlı mövqeyimizi qeyd etmək istərdim ki, fərdi yaşayış evləri və mənzil daxilində olan vəziyyət, xüsusən cihazlar, qurğulara dair baxış işini artıq 4 ildir ki, "Azəriqaz” İstehsalat Birliyi həyata keçirmir. Müvafiq qanunvericilikdə edilən dəyişiklikdən sonra (2016-cı il) belə bir texniki baxışın keçirilmə səlahiyyəti digər müvafiq qurumlara verilib. Belə hadisələr baş verən zaman isə hər zaman mütəxəssislərimiz tərəfindən araşdırma xarakterli baxış keçirilir".
"Yeni Müsavat"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA