Gündəm
Metropoliten işçiləri arasında koronavirusa yoluxan var? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi dünən Azərbaycanda 121 nəfər koronavirusa yoluxub. Koronavirusa yoluxa biləcək risk qrupuna metropoliten işçiləri də daxildir. Bu günə kimi koronavirusa yoluxanlar arasında metropoliten işçiləri də varmı?
Bununla bağlı Sonxeber.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metropoliten işçiləri arasında koronavirusa yoluxan yoxdur: "Koronavirus təhlükəsi ilk başladığı zaman, yəni ölkə başçısı yanvar ayında müvafiq tapşırıqlar verdiyi gündən etibarən metropolitendə bu istiqamətdə sıx işlər aparılıb: "İşçilərin maarifləndirməsi, onların hazırlıqlı olaraq özlərini qoruması, həm işdə, həm də evdə sanitar-gigiyenik qaydalara eməl etməsi ilə bağlı müvafiq işlər görülüb. Bu işlər o həddə aparılmışdı ki, koronavirusla bağlı vəziyyət ciddiləşən zaman metropoliten işçiləri tam hazırıqlı idilər. Sərnişinlərin maarifləndirilməsi prosesinə də rahat qoşuldular. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq metodik göstərişləri var. Orada tək sərnişinlərlə bağlı məsələlər yoxdur. Həm də işçilərə aid məsələlər də var. Ona tam ciddi şəkildə əməl olunurdu. Bundan əvvəl də işçilərimiz qoruyucu tibbi maskalar, əlcəklər, dezenfeksiya edici məhlularla mütləq şəkildə təmin olunurlar. İş yerləri mütəmadi şəkildə dezenfeksiya olunur. Bilirsiniz ki, metropoliten çox mürəkkəb infrastruktur olduğu üçün onun müxtəlif sahələri var. Hər bir sahənin dezinfeksiya qaydaları var. Bu qaydalara tam əməl edilməklə ciddi şəkildə nəzarət edilir. Çünki işçilərimizin sağlamlığı önəmlidir. Çünki metropolitendə bir sıra kadrları hazırlamaq üçün illər lazım olur. Metropolitendə lazım olan hər bir şərait yaradılıb. Sərnişinlərimiz tam rahat ola bilər".